...

Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

Cəmiyyət Materials 1 Oktyabr 2013 11:23 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nı təsdiqləyib.
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycan, Bakı, 1 oktyabr/ Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"nı təsdiqləyib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təhsil haqqında" qanun qəbul edildikdən sonra onun tətbiqi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib, "Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsi" təsdiq olunub. Bununla belə, uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, xarici ölkələrdə təhsil almış uşaqların Azərbaycan Respublikasının məktəblərində təhsilə cəlbi, habelə ailəsi ilə birlikdə ölkədən kənara gedən şagirdlərin təhsil aldıqları məktəblərdən xaric edilməsi üzrə münasibətləri tənzimləyən Təhsil Nazirliyinin 14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmiş "Şagirdlərin ümumtəhsil məktəblərinə qəbulu və yerdəyişməsi haqqında Qaydalar"dakı bəzi qeyri-müəyyənliklər göstərilən məsələləri tam və obyektiv əhatə etmir.

Qeyd olunanlarla əlaqədar uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi sahəsində daha təkmil qaydaların tətbiq olunmasını təmin etmək məqsədi ilə "Şagirdlərin ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi" ilə bağlı yeni qaydalar təsdiqlənib.

Bu qaydalara əsasən, məktəblərə şagirdlərin qəbulu I və X siniflər üzrə aparılır. Şagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Məktəbin I sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6 (altı) yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin xidmət ərazisində yaşayan uşaqlar qəbul edilirlər.

Sentyabr ayından sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır. Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən dərslərə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagird təkrar I sinfə qəbul olunur. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 və daha artıq yaş həddinə çatmış uşaqların təhsilə cəlb olunması məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi müvafiq qaydalara uyğun aparılır. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır.

Məcburi köçkün olmayan şagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalnız həmin ərazidə yerli məktəb olmadığı halda Təhsil Nazirliyinin icazəsi ilə yol verilir.

Ölkə daxilində I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi üçün övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilərlər.Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.

Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri digər rayon və şəhərlərdən ərazilərindəki məktəblərə keçirilmiş X-XI sinif şagirdlərinin dərsə davamiyyətinə görə həmin məktəblərin direktorları ilə birlikdə şəxsən məsuliyyət daşıyırlar. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti