...

Son 10 ildə Azərbaycanda hakimlərin sayı iki dəfə artırılıb

Cəmiyyət Materials 24 Oktyabr 2013 18:48 (UTC +04:00)
Bu gün Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.
Son 10 ildə Azərbaycanda hakimlərin sayı iki dəfə artırılıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Bu gün Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov yüksək demokratik standartlar səviyyəsində keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının öz iradəsini sərbəst ifadə edərək ümummilli lider Heydər Əliyevin siyasi kursunu yekdilliklə dəstəklədiyini vurğulayıb, cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə yenidən ölkə başçısı seçilməsinin son 10 ildə görülən işlərə, hərtərəfli sürətli inkişafa verilən qiymətin təzahürü olduğunu bildirib.

Ötən dövrdə respublikamızın hərtərəfli, o cümlədən sürətli sosial-iqtisadi tərəqqisi təmin olunaraq ölkəmiz liderlər sırasına çıxıb, həmçinin ədliyyə və məhkəmə sistemi də xeyli təkmilləşdirilib. Nazirliyin funksiya və səlahiyyətləri əhəmiyyətli dərəcədə genişlənib, Ədliyyə Akademiyası, müxtəlif reyestrlər, regional ədliyyə şöbələri, xüsusi notariat institutu fəaliyyətə başlayıb, vətəndaşların ədliyyə və məhkəmə orqanlarına müraciət imkanları xeyli asanlaşıb, yeni regional məhkəmələr yaradılıb, hakimlərin sayı 2 dəfə artırılıb, infrastruktur müasirləşdirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli nitqində ölkənin gələcək inkişafı ilə bağlı müəyyən etdiyi prioritet istiqamətlərdən irəli gələn vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı qəti mübarizənin aparılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, informasiya-kommunikasiya texnologiyalarının, "e-hökumət"in formalaşdırılması, əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və s. məsələlər üzrə konkret tapşırıqları ədliyyə işçilərinin də üzərinə əlavə mühüm məsuliyyət qoyur.

Kollegiyada ölkə Prezidentinin qarşıda qoyduğu vəzifələrin və tələblərin ədliyyə orqanlarında dürüst və dönmədən icrasını təmin etmək, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, ən yeni infrastrukturun yaradılması və qabaqcıl İKT-lərin, xüsusilə elektron ədalət mühakiməsinin tətbiqi, ədliyyə işçiləri tərəfindən qulluq etikası və davranış norma və prinsiplərinə ciddi riayət olunması, Ədliyyə Akademiyasının imkanlarından səmərəli istifadə olunmaqla ədliyyə işçiləri və hakimlərin tədrisinə diqqətin artırılması üzrə konkret tədbirlər müəyyən olunbu. Həmçinin, vətəndaşlara qayğılı münasibətin göstərilməsi, korrupsiyaya qarşı mübarizə üzrə əlavə təsirli tədbirlərin görülməsi və bu sahədə beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, ədliyyə fəaliyyətində şəffaflığın artırılması, penitensiar sistemin təkmilləşdirilməsi və bu sahəyə ictimai nəzarətin gücləndirilməsi və s. üzrə zəruri tapşırıqlar verilib.

İclasda ədliyyə sahəsində işin daha səmərəli təşkili ilə bağlı digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub, bir sıra qeyri-kommersiya təşkilatları qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti