...

Azərbaycan “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumunda iştirak edəcək

Cəmiyyət Materials 25 Noyabr 2013 15:08 (UTC +04:00)
26 noyabrdan başlayaraq Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumu keçiriləcək.
Azərbaycan “Yeni nəsil: sərhədsiz məsuliyyət” lll Beynəlxalq Gənclər Forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

26 noyabrdan başlayaraq Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində "Yeni nəsil: sərhədsiz məsuliyyət" lll Beynəlxalq Gənclər Forumu keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumda respublikamızı gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliiyi ilə 50 nəfərlik nümayəndə heyəti təmsil edəcək.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi, Çeçenistan Republikasının Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatları Milli Şurasının təşkil etdiyi forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır.

Forumda Azərbaycan Respublikası və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, ictimai fəal gənclərin, gənc alimlərin və tədqiqatçıların, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub. Tədbirin proqramı çərçivəsində hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil ediləcək.

Forum 28 noyabr tarixində işinə yekun vuracaq.

Qeyd edək ki, 2011-ci və 2012-ci illərdə "Yeni nəsil: sərhədsiz məsuliyyət" Beynəlxalq Gənclər Forumu (I və II) Bakı şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti