...

Təhsil Nazirliyi: Müəllim hazırlayan ali məktəblər tədris təcrübəsinin keçirilməsinə ciddi fikir verməlidirlər

Cəmiyyət Materials 5 Dekabr 2013 10:27 (UTC +04:00)
Təhsil Nazirliyi pedaqoji ixtisaslar üzrə kadr hazırlayan ali məktəblərin tədris təcrübəsinin daha ciddi şəkildə keçirilməsini vacib sayır.
Təhsil Nazirliyi: Müəllim hazırlayan ali məktəblər tədris təcrübəsinin keçirilməsinə ciddi fikir verməlidirlər

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi pedaqoji ixtisaslar üzrə kadr hazırlayan ali məktəblərin tədris təcrübəsinin daha ciddi şəkildə keçirilməsini vacib sayır. Təhsil nazirinin müşaviri Elxan Hüseynovun Trend-ə verdiyi məlumata görə, bu məsələ dəfələrlə ali məktəb rektorları ilə birgə müzakirə edilib.

Onun sözlərinə görə, pedaqoji kadr hazırlayan məktəblər tələbələrə nəzəri biliklər verməklə yanaşı, tədris praktikasınn keçirilməsinə də ciddi fikir verməlidirlər. Çünki bəzi hallarda tədris təcrübələri lazımi səviyyədə keçirilmir, zamanın tələblərinə cavab vermir: "İndi isə tələblər daha da artıb, təhsilin keyfiyyəti isə yeni yanaşmalar tələb edir. Ona görə də hamı bu məsələni yenidən analiz edib özü üçün nəticə çıxarmalıdır".

E.Hüseynovun fikrincə, pedaqoji ixtisas üzrə təhsil alan tələbə orta məktəblərdə praktika keçdikdən sonra komissiya qarşısında hesabatının dinləniləcəyini bilsə, onda öz üzərində daha çox işləyəcək.

Kadr hazırlığında ən narahatedici məqamlardan birinin pedaqoji kadrların hazırlığı ilə bağlı olduğunu deyən nazirlik rəsmisi əlavə edib ki, 2013-2014-cü tədris ili üçün Azərbaycanın orta məktəblərinə müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə iştirak edən namizədlərin çox az hissəsi (50%-ə qədəri) test imtahanını verə bilmişdi. Həmin imtahanda müsabiqə iştirakçılarına verilən tapşırıqlar isə ali məktəb deyil, orta məktəb proqramlarına uyğun tərtib edilib: "Təsəvvür edin ki, fizika və ya digər ixtisas üzrə ali məktəbi bitirən məzun orta məktəbin müvafiq proqramını bilmir. Ali təhsilli mütəxəssis öz sahəsini orta məktəb proqramı səviyyəsində bilmədiyi üçün imtahan balları aşağı salınarsa, bu, artıq o deməkdir ki, biz özümüz bilərəkdən təhsilimizin keyfiyyətini aşağı salırıq. Ancaq bu gün görülən bütün işlər təhsilimizin keyfiyyətinin qaldırılmasına xidmət etməlidir. Bizim məqsədimiz də tələbləri aşağı salmadan müəllimlərin işə qəbulu üzrə müsabiqəni keçirməkdir. Bu yanaşmanı işlə təmin olunmaq istəyənlər nəzərə alaraq öz üzərlərində çalışmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti