Azərbaycan, Bakı, 14 dekabr /Trend/
Tezliklə tələbələr Gəncədəki mağazalarda da endirim kartlarından istifadə edə biləcəklər.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin 2016-cı ilin "Avropa Gənclər Paytaxtı" seçilməsi münasibətilə təşkil olunan görüşdə tələbələr tələbə kartları ilə bağlı şikayətlərini bildiriblər.
Tələbələr deyiblər ki, Gəncədə təhsil alan tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən endirim kartları verilib ki, bu kartlar da yalnız Bakıda fəaliyyət göstərən mağazalarda keçərlidir. Gəncədə isə heç bir mağaza bu kartları qəbul etmir.
Şəhər icra başçısı Elmar Vəliyev Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərova Gəncədəki 10-a yaxın mağazanın siyahısının hazırlanaraq bu mağazalarla tələbələrə endirim etmələri üçün müqavilə bağlanmasını tapşırıb.
Bundan başqa, Şəhər İcra Hakimiyyəti Aparatının xətti ilə Gəncədə təhsil alan tələbələrə xüsusi endirim kartlarının hazırlanaraq veriləcəyi də bildirilib.