Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin vakant ştat vahidlərinin kadrlarla komplektləşdirilməsi davam etdirilir.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Ədliyyə Nazirliyinin müxtəlif qurumlarının və ictimai birlik nümayəndələrinin daxil olduğu "Penitensiar Xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası"nın iclası keçirilib.
Aşkarlıq və şəffaflıq şəraitində keçirilən növbəti müsabiqə komissiyasında 11 nəfər namizədin ədliyyə orqanlarında qulluğa qəbul olunması məsələsinə baxılıb. Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 6 vətəndaşın qulluğa qəbul olunması barədə Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırılacaq.
Müsabiqənin sonunda ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Xidmətdə qulluğa qəbul olunmaq arzusunda olanlara öz tövsiyələrini verib.