...

Azərbaycanda builki qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilib

Cəmiyyət Materials 3 Fevral 2014 16:26 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib. Komissiyadan Trend-ə verilən məlumata görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək.
Azərbaycanda builki qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edib. Komissiyadan Trend-ə verilən məlumata görə, əvvəlki illərin məzunları üçün qəbul imtahanları may ayında keçiriləcək.

Bu ilin məzunları (yəni tam orta məktəbi 2014-cü ildə bitirənlər) isə qəbul imtahanlarını əvvəlki illərdə olduğu kimi, iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin orta ixtisas təhsil müəssisələrini bu il bitirib ali təhsil almaq istəyən məzunlar qəbul imtahanlarını iyul ayında verəcəklər.

Həm əvvəlki illərin, həm də bu ilin məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Digər nəzərdə tutulan dəyişiklik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin ümumi (9 illik) təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri əsasında aparılmasıdır. Yəni bu imtahan 9-cu sinifi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həm də həmin şagirdlər arasında kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Onlar imtahanı 2 fəndən - ana dili və riyaziyyatdan verəcəklər. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti