...

Bakıda avtobuslarda kart sisteminin tətbiqi sərnişinlərlə sürücülər arasında problem yaradıb

Cəmiyyət Materials 7 Fevral 2014 12:51 (UTC +04:00)
Bakı şəhərində sərnişin avtobuslarında kart sisteminin tətbiqi sərnişinlərlə sürücülər arasında problem yaradıb.
Bakıda avtobuslarda kart sisteminin tətbiqi sərnişinlərlə sürücülər arasında problem yaradıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhərində sərnişin avtobuslarında kart sisteminin tətbiqi sərnişinlərlə sürücülər arasında problem yaradıb.

Hadisə şahidi olan sərnişinlərin Trend-ə bildirdiklərinə görə, kartdan istifadə edən sərnişinlər sürücülərin təzyiqlərinə məruz qalırlar.

Kart vasitəsilə gediş haqqını ödəyən sərnişinlərə qarşı aqressiv olan sürücülər onlardan gediş haqqının həm də nağd şəkildə ödənilməsini tələb edirlər.

Hadisə şahidləri bildiriblər ki, dünən Bakıda şəhər daxilində hərəkət edən 86 saylı avtobusda səhər saatlarında bu məsələ ilə əlaqədar sərnişinlə sürücü arasında ciddi problem yaranıb. Sərnişinin gediş haqqını kartla ödəməsinə əsəbiləşən sürücü onu təhqir edərək, pulu nağd yolla ödəməsini, o pulu ödəməyənə qədər avtobusun qapılarını acmayacağını söyləyib.

Gediş haqqının artıq kartla ödənildiyini xatırladan sərnişinə isə sürücü "Bunun mənə heç bir aidiyyəti yoxdur. Mən plan verirəm, mənim pulumu ver. Haraya istəyirsən, get şikayət et" deyə qışqırıb.

Sərnişin sürücü ilə ciddi mübahisə etdikdən və digər sərnişinlərin hadisəyə müdaxilə etməsindən sonra sürücü avtobusun qapısını açıb.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. N.Həsənov telefon zənglərinə cavab vermədi.

Qeyd edək ki, 29 yanvar 2014-cü il tarixə olan məlumata görə, artıq Bakı şəhərində 40 marşrut xətti üzrə nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Bu isə 743 ədəd avtobus deməkdir. Həmin marşrutlar bunlardır:

1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95, 96.

Nəqliyyat Nazirliyinin məlumatına görə, avtobuslarda validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi avtobusların sayı daha da artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti