...

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilir

Cəmiyyət Materials 11 Fevral 2014 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Ədliyyə Nazirliyinin kadr korpusunun layiqli gənc mütəxəssislərlə komplektləşdirilməsi istiqamətində mütəşəkkil qaydada işlər davam etdirilir və Müsabiqə Komissiyası hazırda onuncu müsabiqə üzrə test imtahanında uğur qazanmış namizədlərlə fərdi qaydada söhbət keçirməklə yanaşı, növbəti açıq müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ədliyyə Nazirliyinin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir (ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin Aparatından - Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanından götürmək mümkündür).

Qaydalara əsasən, test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2014-cü ilin fevral ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumatı internet səhifəsi və ya 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar).

Həmçinin, hazırkı müsabiqədə iştirak edən hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Müsabiqə Komissiyası Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkilini nəzərdə tutmuşdur.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti