...

Azərbaycanın magistral yollarının çəkilişində vəziyyət necədir?

Cəmiyyət Materials 22 Fevral 2014 11:03 (UTC +04:00)
"İpək Yolu" layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan ilə sərhədədək 513 km-lik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib.
Azərbaycanın magistral yollarının çəkilişində vəziyyət necədir?

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

"İpək Yolu" layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan ilə sərhədədək 513 km-lik hissəsində həyata keçirilən işlər Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 22 fevral 2007-ci il tarixli sərəncamına əsasən Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə məlumat verilib.

Məlumata görə, sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidənqurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda 2-ci texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib.

Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın artıq 312,5 km-lik 2-ci texniki dərəcəli, 209 km-lik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2 hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Tədbirdə qeyd olunub ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olmaqla ölkənin Şimal hissəsində yerləşir. Hərəkətin intensiv olduğu bu magistral Bakını Rusiya dövlət sərhədi ilə birləşdirir. Ümumi uzunluğu 208 km olan magistralın 6-16 km hissəsi asfalt-beton, 16-134 km hissəsi sement-beton örtüklü olmaqla yenidən qurulub, eyni zamanda Sumqayıt dairəvi, Gəndob-Quba hissələrinin, 11-ci və 16-cı km-də yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün və Dəvəçi çayı üzərində uzunluğu 540 paqon metr olan körpünün tikintisi işləri başa çatdırılıb. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi hissəsinin (59,6 km) 4 zolaqlı hərəkət üçün asfalt-beton örtüklü olmaqla yeni trassa üzrə tikintisi işləri hazırda həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 km-lik sahəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilib.

Bundan əlavə, Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarını əlaqələndirən və tranzit daşımaları üçün müstəsna əhəmiyyət kəsb edən H.Z.Tağıyev-Sahil avtomobil yolunun 2 zolaqlı olmaqla yenidən qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4 km olan yol respublikanın cənub və qərb istiqamətindən gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrinə çıxışını təmin etməklə hər iki istiqamətdə məsafəni 100 km-ə qədər qısaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti