Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan ictimaiyyətində dini ekstremizm təhlükəsinin artmasının qarşısını almaq üçün bəzi tədbirlərin keçirilməsi zəruridir.
Trend-in məlumatına görə, dinşünas alim, fəlsəfə elmlər doktoru, radikal islam üzrə ekspert Aydın Əlizadə Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfrasında bildirib ki, son zamanlar Azərbaycan ictimaiyyətində dini ekstremizm təhlükəsinin artması ilə bağlı narahatlıq müşahidə edilir. Ancaq son zamanlar Suriyada gedən müharibə və qeyri-rəsmi rəqəmlərə görə, yüzlərlə azərbaycanlının oradakı münaqişədə iştirak etməsi bu problemi daha da kəskinləşdirib, cəmiyyətdəki narahatlığı artırıb: "Azərbaycanda rəsmi və qeyri-rəsmi olaraq İslam dininə aid bir neçə məzhəb fəaliyyət göstərir. Bunları şərti olaraq, ənənəvi və qeyri-ənənəvi olmaq üzrə iki yerə bölürlər. Ənənəvi olanlar əsrlər boyu ölkəmizdə olan cəfəri, hənəfı və şafiilərdir. Qeyri-ənənəvilər əsasən özlərini "sələfı" adlandıran qruplardır. Bu qrupların da arasında parçalanma müşahidə edilməkdədir və onlar da öz növbəsində bir neçə firqəyə parçalanmışlar. Bunlardan başqa "nurçular", "fətullahçılar" kimi bəzi modernləşmiş İslam qruplarını da qeyd etmək mümkündür".
Ekspert deyib ki, müstəqillik dövründə dini radikalizmin qarşısının alınmasında müəyyən addımlar atılıb, lakin bu işlər daha ciddi şəkildə təkmilləşdirilməlidir.
A.Əlizadə qeyd edib ki, zərərli və əsas mahiyyətini itirmiş xalq adətlərinə qarşı maarifçilik prinsipləri inkişaf etdirilməlidir. Əhəmiyyyətini itirmiş milli adətlərin və öyrəncəli həyat tərzini sarkastik, satiristik, ironik şəkildə tənqid edən resurslar olmalıdır. Ali məktəblərdə fəlsəfə kurslarında sekulyarlığa və dünyəviliyə daha çox tədris saatı ayrılmalı, Azərbaycan dövlətçiliyinin fəlsəfəsi tədris edilməlidir.
Ekspert bildirib ki, Azərbaycan dilində həm ilahiyyat, həm də riyaziyyat kimi pozitiv-tətbiq sahələri "elm" sözü ilə ifadə edilir: "Deməli, Azərbaycanda təcrübəyə deyil, yalnız inanca söykənən ilahiyyat da elmdir, təcrübə və yoxlanma ilə nəticələrini çıxardan riyaziyyat, kimya, tarix və digər sahələr də elmdir. İnkişaf etmiş millətlərin dillərində isə bu sahələr fərqlənir. İngilis dilində pozitiv elmlərə "science" bu sahədə çalışan adamlara "scientist"; inancın üzərində qurulan dini bilik sistemlərinə "theology", о sahədə çalışanlara "theologist" deyilir. Rusca bunlar müvafıq olaraq "наука" - "ученый", "богословие" - "богослов"; türkcə isə "bilim - bilimci", "tanrıbilimi" - "tanrıbilimcisi" kimi səslənir. Gördüyümüz kimi, bunlar fərqli anlayışlardır. Azərbaycanda isə pozitiv sahələrlə ilahiyyat arasında heç bir fərq qoyulmur. Нəг ikisi "elm", о sahələrdə çalışanlar "alim" adlanır. Bu isə müasir tələblərə uyğun deyildir. Təklif edərdim ki, Azərbaycan dilində pozitiv elmləri "bilim ", о sahədə çalışanları "bilimçi"; inanc sahəsinə isə "ilahiyyat" və "ilahiyyatçı" sözləri tətbiq edilməlidir".