...

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi

Cəmiyyət Materials 12 Mart 2014 19:42 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi

Azərbaycan, Bakı, 12 mart /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev yerli QHT-lər üçün yeni qrant müsabiqəsi haqqında danışıb. A.Quliyev müsabiqə üçün təklif edilən mövzular haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği, ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi mövzularıdır.

Katibliyin icraçı direktoru Fərasət Qurbanov QHT-lər tərəfindən göndəriləcək layihə təkliflərinin yenə elektron şəkildə Şuranın www.e-qht.az saytı vasitəsilə qəbul olunacağını bildirib. F.Qurbanov QHT-lərdən reyestrdən çıxarış sənədinin tələb edilməsinin əvvəlki tək müsabiqə şərtlərindən biri olduğunu qeyd edib.

Şura sədri qrant müsabiqəsi üçün təklif edilən mövzuların önəmindən bəhs edərək onların hər üçünün aktuallıq kəsb etdiyini bildirib. A.Quliyev QHT-lərin layihə təkliflərinin innovativliyi ilə fərqlənməsinin vacibliyini də vurğulayıb. O, QHT-lərin 1 aprel 2012-ci ildən etibarən alınmış reyestrdən çıxarışlarının Şura tərəfindən qəbul edilməsinin uyğun olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən görüşdə 13 mart 2014-cü ildə yerli QHT-lər üçün növbəti qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edilib. Şura, eyni zamanda, 17 mart 2014-cü ildə QHT-lər üçün məlumatlandırma sessiyasının keçirilməsini məqsədəuyğun sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti