...

Qaradağ Rayon İcra Hakimiyyətinin ilin I rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2014 16:09 (UTC +04:00)
16 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Qaradağ Rayon İcra Hakimiyyətinin ilin I rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi (FOTO)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

16 aprel 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Yığıncağın işində Milli Məclisin Ağalar Vəliyev və Mixael Zabelin, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.

Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər.

Hesabat yığıncağında "Qaradağ Rayon İcra Hakimiyyətinin 2014-cü ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları üzrə hesabatı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələr barədə" rayon İcra hakimiyyəti başçısının müavini Elnur Qurbanovun məruzəsi dinlənildi.

Məruzədə qeyd olundu ki, ötən rübün yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 128 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 4,5 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına təxminən 30 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 20,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 164 min ton xam neft və 374 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 357,5 min ton sement istehsal edilmişdir.

Hesabat rübündə nəqliyyat sektorunda 4,5 milyon manatlıq xidmətlər göstərilmişdir. Rabitə xidmətlərinin həcmi 543 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 543,4 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 25,6 milyon manat olmuşdur. Rayonumuzda orta aylıq əmək haqqı 784 manata, sənayedə çalışanların əmək haqqı isə 1160 manata çatmışdır.

Ötən rübdə də rayonda, yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində işlər görülmüşdür. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilməkdədir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi də başa çatmış və açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır.

Elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması işləri mühüm bir vəzifə olaraq qalmaqdadır. Hesabat rübündə bu işlər gündəlik diqqət mərkəzində olmuşdur. Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür.

Belə ki, ötən rübdə rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 11 ədəd transformator məntəqəsi təmir edilmiş, 8 min 500 metr müxtəlif kabel xətləri çəkilmişdir. Qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 6 min 500 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmişdir. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 93 bina, 10 orta məktəb, 5 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunmuşdur Qaradağ Sukanal İdarəsi tərəfindən 38 min 260 p/m müxtəlif diametrli su xətti dəyişdirilmişdir. Bu istiqamətdə olan işlər "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" əsasən davam etdirilir.

Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində son illərdə geniş miqyaslı abadlıq-quruculuq işləri rayonumuzda vüsət almışdır.

Belə ki, 2014-cü ilin birinci rübündə qəsəbələrdə nümunəvi həyətlərin salınması, xeyir-şər evlərinin tikintisi, rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün parkların salınması işləri aparılmışdır.

Qaz Emalı zavodunun ərazisində, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun qarşısında, Bakı-Ələt (Astara) magistral avtomobil yolunun 16-cı kilometrliyində (Yeni quraşdırılmış saatın ətrafı) yeni yaşıllıq zolaqları salınmışdır. Rayon ərazisində təxminən 20 min kv.metr sahədə yaşıllıq işləri aparılmış, 5 mindən artıq ağac və bəzək kolları əkilmişdir Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən rüb ərzində 9500 kv.m. asfalt döşənmiş, 7600 kv.metr sahədə asfalt altı hazırlıq işləri görülmüşdür. Çoxmərtəbəli yaşayış binalarının giriş qəfəslərinə 48 qapı, 96 pəncərə, 40 ədəd küçə işığı quraşdırılmışdır Müvafiq Dövlət Proqramına əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzlarının təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.

Hesabat dövrü ərzində Dövlət Proqramına əsasən Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi uşaq bağçasının inşası, Sahil qəsəbəsindəki "Nağıl" uşaq bağçasının əsaslı təmiri başa çatmışdır. Hər iki müəssisə tam hazır vəziyyətdədir. Lökbatan qəsəbəsindəki "Sevinc" və "Bülbül", Sahil qəsəbəsindəki "Aynur" körpələr evi - uşaq bağçalarının əsaslı təmiri, Ələt qəsəbəsindəki 300 nömrəli körpələr evi - uşaq bağçasının inşası başa çatdırılmış və istifadəyə verilmişdir. Müşfiqabad qəsəbəsindəki 274 nömrəli orta məktəb üçün əlavə tədris korpusunun tikintisi başa çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Hazırda Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın, Ümid qəsəbəsindəki 294 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi davam etdirilir. Eyni zamanda Lökbatan qəsəbəsindəki Daşqın Bəkirov və Vüqar Əsədov adına, Sahil qəsəbəsindəki 301 nömrəli və Bəxtiyar Əliyev adına körpələr evi uşaq bağçalarının əsaslı təmir işləri davam etdirilir.

Ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən respublikanın hər yerində olduğu kimi, fevral ayının 17-dən etibarən rayonda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayonun 9, 17, 19 və 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının Poliklinika şöbələrində, 13 və 32 nömrəli Şəhər Poliklinikalarında müvafiq şəraitlər yaradılmışdır

Rayonun mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Müvafiq Dövlət Proqramına əsasən Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası, Müşfiqabad qəsəbəsindəki mədəniyyət evində də əsaslı təmir sona çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Qızıldaş qəsəbəsində 350 yerlik mədəniyyət mərkəzinin (kitabxana da daxil olmaqla) yeni binasının tikintisi davam etdirilir

Dövlət gənclər siyasəti məsələləri də rayon İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Ümid qəsəbəsi ərazisində Gənclərin İnkişaf Mərkəzi inşa edilərək gənclərin istifadəsinə verilmişdir. Hal-hazırda Sahil qəsəbəsində Gənclər evinin tikintisi tamamlanıb, binadaxili tikinti işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli, 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Ələt, Puta, Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının tikintisi davam etdirilir. Bundan əlavə 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramı çərçivəsində rayon ərazisində idman meydançalarının yaradılması və Lökbatan qəsəbəsində atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur.

Ötən rübdə rayon İcra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 412 ədəd yazılı müraciət daxil olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 müraciət az olmuşdur.

Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, 13 nömrəli Poliklinikanın baş həkimi Elnarə Hüseynova, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Tahir Əliyev və 273 nömrəli orta məktəbin direktoru Zenfira Allahverdiye çıxış etdilər.

Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2014-cü ilin birinci rübü ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.

Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilərək və yekdilliklə qəbul edildi.

Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edildi.

Hesabat yığıncağını yekun sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirərək onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti