...

Dövlət Gömrük Komitəsinin sədr müavini: Əqli mülkiyyət hüquqlarının qeyri-qanuni istifadəsinə daim təhdidlər var

Cəmiyyət Materials 23 Aprel 2014 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda əqli mülkiyyət hüquqlarının, mədəni irsin qorunması Dövlət Gömrük Komitəsinin qarşısında duran mühüm vəzifədir. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Ş.Bağırov bildirib ki, əqli mülkiyyət hüquqlarının qorunmasına, onun pozulmasına, qeyri-qanuni istifadə edilməsinə daim təhdidlər var.

Bunun həm mədəni irsin qorunması sahəsində, həm də iqtisadi mühitdə baş verdiyini deyən Ş.Bağırov qeyd edib ki, beynəlxalq ticarətdə, məhsullarda, onların etiketlərində bəzi coğrafi göstəricilər bizim regionlarımızın, rayonlarımızın adı təhrif olunaraq başqa ölkələrin adı altında verilir: "Bu məsələyə qarşı ciddi olmalı və gələcəkdə bu sahədə işimizi daha mükəmməl şəkildə aparmalıyıq. Daima mədəni irsin, müəllif hüquqlarının qorunmasında lazımi işlər həyata keçirilməli və əməkdaşlıq əlaqələri genişləndirilməlidir. Bu istiqamətdə qarşıda çoxlu mühüm vəzifələr durur".

Sədr müavini əlavə edib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyəti və məsuliyyəti sərhədlərdə mədəni irs nümunələrinin qorunmasına yönələn bir fəaliyyətdir. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi və onun yerli orqanlarının gördüyü işlər nəticəsində dövlət sərhədindən keçirilən əşyaların saxlanmasında, qeyri-qanuni formada onun istifadəsinin qarşısının alınmasında müəyyən nailiyyətlər var: "Mədəni irsin qorunması bizim fundamental fəaliyyətimizdir. Digər tərəfdən hesab edirik ki, dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti