Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İ.İzzət/
Mayın 10-da 45 nəfər vətəndaş ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar Xidmətdə kiçik rəis heyəti vəzifələrinə təyin olunublar.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 35 nəfəri Şəki Penitensiar müəssisəsinə, 10 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə təyinat alıblar.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ümummilli lider Heydər Əliyevin doğum günündə qulluğa qəbul olunmuş gənc əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, onlara ədliyyə orqanlarında qulluq keçərkən uğurlar arzulayıb.
Gənc əməkdaşlar Penitensiar Xidmətin Tarix muzeyinə baxış keçiriblər. Muzeyin Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə, eləcə də xidmətin fəaliyyətinə aid olan eksponatlarla tanış olublar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Penitensiar Xidmətin kiçik rəis heyətində xidmət edən 210 nəfər əməkdaşa növbəti rütbələr verilib.