...

Azərbaycanda yay aylarında havanın necə keçəcəyi rəsmən açıqlandı

Cəmiyyət Materials 27 May 2014 15:45 (UTC +04:00)
Azərbaycanda yay fəsli üçün gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda yay aylarında havanın necə keçəcəyi rəsmən açıqlandı

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yay fəsli üçün gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yay fəslində havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksək, yağıntının miqdarı isə iqlim normasından az olacaq. Ölkənin bəzi rayonlarında yağıntının miqdarı iqlim normasına yaxın olacaq.

U.Tağıyeva deyib ki, ölkələrin mövsümi hava proqnozu Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən yaradılan 5 regional mərkəzin məlumatları əsasında hazırlanır. Azərbaycan üçün də yay fəslinin ümumiləşdirilmiş proqnozu həmin mərkəzlərin tərtib etdiyi modellər əsasında hazırlanıb: "Yayın isti keçməsi barədə mətbuatda yayılan məlumatların hansı mənbəyə əsaslandığı maraqlıdır. Proqnoz barədə məlumat verənlər həmin 5 mərkəzdir. Həmin mərkəzlərin modellərinə əsasən, bizim region, o cümlədən Azərbaycan üçün heç bir qeyri-adi hava proqnozlaşdırılmır. Ancaq bu, o demək deyil ki, isti hava olmayacaq".

U.Tağıyeva bildirib ki, son onilliklərdə hər əvvəlki onilliyə nisbətən havanın temperaturu bir qədər yüksəlir.

Büro direktorunun sözlərinə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun bu il hazırladığı V hesabatda da qeyd edilib ki, 100 illik və daha artıq dövrü əhatə edən meteoroloji müşahidələrə əsasən, son 3 onillik ən isti onilliklər hesab olunur: "Ona görə də biz deyirik ki, ötən illərdə olduğu kimi, bu il də isti dövrlərin daha davamiyyətli olacağını güman edirik. Bu tendensiya öz qüvvəsində qalır".

U.Tağıyeva deyib ki, isti günlərin davamiyyəti ildən-ilə daha uzunmüddətli olur. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bu il isti günlər daha çox davam edəcək.

Büro direktoru qeyd edib ki, çoxillik meteoroloji müşahidələrə görə, iyul və avqust aylarında davamiyyətli isti günlərə daha tez-tez rast gəlinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti