Azərbaycan, Bakı, 9 iyun /Trend/
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 9 iyun - Ümumdünya Akkreditasiya Gününə həsr olunmuş "Akkreditasiya gündəlik həyatda etimadın təminatçısıdır" mövzusunda tədbir keçirilmişdir.
Trend-in məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolunun mühüm olduğunu qeyd etmişdir. Komitə sədrinin sözlərinə görə, bu sahənin dünya iqtisadiyyatında keyfiyyətin idarəolunması istiqamətindəki rolunu mühüm hesab edən beynəlxalq təşkilatlar 2008-ci ildən etibarən hər ilin 9 iyun tarixini Ümumdünya Akkreditasiya Günü kimi qeyd olunması qərarına gəlmişlər.
Ramiz Həsənov ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı və akkreditasiya sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin davamı olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturunun daha da təkmilləşdiyini qeyd etmişdir: "Belə ki, cənab Prezidentin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Akkreditasiya Xidməti yaradılmışdır. Müasir akkreditasiya prinsiplərini və hüquqi əsaslarını özündə əks etdirən "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Qanun layihəsi 30 may 2014-cü il tarixində Milli Məclisdə qəbul edilmişdir.
Komitə yanında Dövlət Akkreditasiya Xidməti yarandığı müddətdən etibarən Xidmət tərəfindən beynəlxalq standartların tələbləri əsasında məhsul və xidmətlərin, idarəetmə sistemlərinin, personalın sertifikatlaşdırılmasını həyata keçirən onlarla orqan, inspeksiya orqanları, o cümlədən sınaq və kalibrləmə laboratoriyaları akkreditasiya olunmuşdur. Qısa müddət ərzində akkreditasiya sahəsində əldə etdiyimiz uğurlardan biri də 2012-ci ilə Komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Laboratoriyaların Beynəlxalq Akkreditasiyası üzrə Əməkdaşlıq Təşkilatına (İLAC) müşahidəçi qismində üzv qəbul olunmasıdır.
Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyası isə Almaniya Akkreditasiya Qurumu (DakKS) tərəfindən akkreditasiya olunmuşdur. Beləliklə, laboratoriyanın sınaq nəticələrinin Avropa Birliyi ölkələrində tanınması təmin olunmuşdur".
Tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri millət vəkili Ziyad Səmədzadə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin son illər ölkəmizdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətindəki rolu haqqında danışmışdır. Onun sözlərinə görə, bazarın liberallaşması, azad rəqabətin formalaşdırılması, sahibkarlıq subyektlərinin dünya bazarına çıxışının təmin olunması istiqamətində uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə akkreditasiyanın rolu danilmazdır. Bu baxımdan qanunvericiliyin təkmilləşdirildiyini vurğulayan millət vəkili gələcəkdə də istehlakçıların hüquqularının etibarlı qorunması istiqamətində islahatlar aparılacağını demişdir.
Sonra Komitə sədri Ramiz Həsənovun əmri ilə akkreditasiya sahəsində səmərəli fəaliyyətinə görə təltif edilmiş Dövlət Akkreditasiya Xidmətinin bir qrup əməkdaşına Fəxri Fərmanlar təqdim edilmişdir.
Daha sonra çıxış edən natiqlər "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi, "Azərbaycanda fəaliyyət göstərən inspeksiya orqanları akkreditasiya predmeti kimi", "İnspeksiya uyğunluğun qiymətləndirməsi metodudur", "Xarici uyğunluğun qiymətləndirilməsi qurumlarının Azərbaycan Respublikasında fəaliyyəti", "Akkreditasiya istehlakçılarda etimad formalaşdırır" mövzularında məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda iştirakçıların sualları dinlənilmiş və müzakirələr aparılmışdır.