Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanın Gədəbəy rayonunda qızıl yataqlarının işlənməsi nəticəsində həmin rayonun dağ otlaqları texnogen çirklənməyə məruz qalıb.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əiyev Trend-ə bildirib ki, Kiçik Qafqazın şimal-şərq yamacının texnogen çirklənməyə məruz qalmış ərazilərinin tədqiqatına başlanılır.
İlkin tədqiqat zamanı məlum olub ki, Gədəbəydə heyvandarlıq üçün yem bazası kimi istifadə edilmiş, dəniz səviyyəsindən 1700-1800 metr yüksəklikdə yerləşən dağ otlaqları qızıl yataqlarının işlənməsindən zərər çəkib. Bu ərazilərdə çıxarılmış qazıntı süxurları otlaqların ərazisinə yayılıb və landşafta ciddi şəkildə ziyan vurur.
Qızıl yataqlarının işlənməsinin ətraf mühitə vurduğu ziyanı araşdırmaq üçün yaxın 2-3 il ərzində ərazidə tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Bu tədqiqatlar zamanı ərazidə itirilmiş bitki örtüyünün kütləsi hesablanacaq və nəticədə müvafiq təkliflər hazırlanacaq: "Orada müəyyən ərazilər əhalidən pulla alınıb, amma hələ əhalinin istifadəsindədir və ərzaq təminatında ciddi rol oynayır. Bu ərazilərdə çıxarılmış qazıntı süxurları ciddi şəkildə ətrafa yayılır".
Ə.Əliyev bildirib ki, çirklənmiş ərazilərin arealları dəqiqləşdirilməlidir, belə ərazilərin maksimum dərəcədə az sahəni əhatə etməsinə çalışmaq lazımdır.
Alimin sözlərinə görə, tullantılar müasir texnologiyadan istifadə edilməklə - hətta bəzən nə qədər baha olsa da - yararsız sahələrə daşınmalıdır. Daha əvvəl texnogen çirklənməyə məruz qalmış ərazilər müəyyən üsullarla dövriyyəyə buraxılmalıdır: "Yeni çirklənmiş ərazilərdə isə maksimum dərəcədə az fəsadlarla işləri yola vermək lazımdır. Bu halda əhalinin təsərrüfatlarına, dövriyyədə olan torpaqlara çox ziyan dəyməz".
Ə.Əliyev deyib ki, sovet dövründə Daşkəsəndə alunit filizləri yatağının işlənməsi nəticəsində bu rayonun da Alunitdağ ərazisindəki yay otlaqlarına ziyan dəyib. Ərazidə toplanmış tullantılar yataq ərazisi ilə birlikdə 280 hektar sahəni əhatə edir. Həmin ərazinin bəzi hissələri nəhəng tullantılarla örtüldüyündən oralar tam olaraq texnogen çirklənməyə məruz qalmış ərazilər hesab edilir. Ancaq bəzi ərazilər qismən çirklənmiş vəziyyətdə olduğundan orada heyvanlar otlaya bilirlər. Qismən çirklənmiş həmin ərazilərdə müəyyən işlər aparmaqla oranı yenidən yay otlaq sahəsi kimi dövriyyəyə buraxmaq olar.