Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin cari tədris ilində ali təhsil müəssisələrinə yüksək nəticələrlə qəbul olmuş məzunları ilə görüş keçirib.
Bankdan Trend-ə verilən məlumata görə, E.Rüstəmov məktəbin rəhbərliyini və məzunlarını əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunub, ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilib, maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilib, təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
E.Rüstəmov Liseyin regionda və ölkəmizdə nümunəvi bir ümumtəhsil müəssisəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişafı üçün yüksək kompetensiyalı insan kapitalının formalaşmasında xüsusi rolunu qeyd edərək, burada yüksək təhsilli vətəndaşların hazırlanması ilə yanaşı, peşəkar müəllim heyətinin inkişafına da xüsusi diqqət yetirildiyini bildirib.
O, qeyd edib ki, Liseydə sonuncu qəbul imtahanları üzrə orta bal 565, maksimum bal 682 və minimum bal 333 olub, bu nəticələr 2011/2012-ci tədris ilində əldə olunan nəticələrdən (bal 518.6, maksimum bal 666 və minimum bal 271) əhəmiyyətli dərəcədə (Liseyin 2012-ci il məzunlarının nəticələrinə görə orta olub) yaxşı olub. Nəticə etibarilə, 28 məzun ödənişsiz, 12 məzun isə ödənişli əsaslarda olmaqla respublikanın aparıcı ali təhsil müəssisələrinə daxil olub (Tibb Universiteti - 9 nəfər, Diplomatik Akademiya - 7 nəfər, Bakı Dövlət Universiteti - 5 nəfər, Dövlət İqtisad Universiteti - 5 nəfər, Milli Aviasiya Akademiyası - 4 nəfər, Dövlət İdarəçilik Akademiyası - 2 nəfər, Dillər Universiteti - 2 nəfər, Polis Akademiyası - 2 nəfər, Fövqəladə Hallar Akademiyası - 1 nəfər, Gömrük Akademiyası - 1 nəfər, Pedaqoji Universitet - 1 nəfər, Azərbaycan Universiteti - 1 nəfər).
E.Rüstəmov çıxışının sonunda ali məktəb tələbələri adını almış məzunları bir daha təbrik edərək onlara ali təhsil ocaqlarında da uğurlar arzulayıb.
Tədbirin sonunda məzunlar çıxış edərək, Mərkəzi Bank tərəfindən Liseyə göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər və əmin ediblər ki, gələcək təhsillərində də böyük nailiyyətlər qazanmaq üçün yorulmadan səy göstərəcəklər.