Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bu gündən etibarən Azərbaycan paytaxtında bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Bölmə rəisinin sözlərinə görə, bu gün axşam saatlarından başlayaraq 20 sentyabr 2014-cü il tarixdə "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi və "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi haqqında sazişin ("Əsrin müqaviləsi") 20-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək yüksək səviyyəli qonaqların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın küçə və prospektlərində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulur: "Əsas tədbirlər şəhərin daxilində həyata keçiriləcək. Belə ki, paytaxtın Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Azneft dairəsi, Mərdəkan-Zuğulba şosesi, eləcə də digər küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək".
Bununla əlaqədar sürücülərdən xahiş olunur ki, tədbirin yüksək səviyyədə keçməsi üçün Bakı şəhərinin yollarında şəxsi avtomobillərdən az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.
Təhlükəsizlik tədbirlərinin sentyabrın 21-dək davam edəcəyi gözlənilir.