...

Xınalıqa bənzər Masulə şəhəri (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2014 12:54 (UTC +04:00)
Gilan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər İranın əsas turizm şəhərindən olan və fərqli memarlığı, tarixi binaları, yaşıl təbiəti ilə göz oxşayan Masulə şəhərində olublar.
Xınalıqa bənzər Masulə şəhəri (FOTO)

İran, Rəşt, 21 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Gilan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər İranın əsas turizm şəhərindən olan və fərqli memarlığı, tarixi binaları, yaşıl təbiəti ilə göz oxşayan Masulə şəhərində olublar.

Trend-in məlumatına görə, Masulə şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin 70 kilometr uzaqlığında yerləşir. Elbrus dağlarının ətəyində yerləşən tarixi Masulə şəhəri 16 hektar sahə ilə Gilanın ən qərb hissəsində, Rəştin cənub-qərbində və Fumənin 25 km qərbində salınıb. Onun dəniz səthindən hündürlüyü 1050 metrdir. Şəhər İranın milli mədəni irsi siyahasında qeydiyyata alınıb.

Yaz aylarında sərin havası, qış aylarında qarla örtülü olan Masulənin yolları demək olar ki, ilin bütün fəsillərində duman və sis olur. Masulədəki evlər elə tikilib ki, bir evin damı digər evin həyətidir. Eyni ilə Azərbaycanın Xınalıq kəndi kimi...

Təqribən 1000 il bundan öncə Azərbaycan, Kürdistan və Xorasan bölgələrindən köçmüş əhali bu günki Masulənin əhalisini təşkil edir. Şəhərin quruluşu mərkəzdə yerləşmiş bazarın ətrafında fırlanıb.

Şəhərin təhlükəsizliyini təmin etmək və tarixi görkəmini qorumaq məqsədilə şəhərə giriş ödənişlidir. Burda qələbəlik elə girişdən hiss olunur. Yerli və xarici turistlər şəhərə axın edir. Dar küçələr boyu əl işlərindən ibarət mağazalar düzülüb.

Həmçinin Gilanın milli yeməkləri, şirniyyatları satışa çıxaılıb. Burda əhalinin qazancı əl işləri və turizmdən gəlir. Ziyarətçilərin diqqətini əsasən əllə toxunan çantalar və gəlinciklər cəlb edir.

Masulədə qapının qadın və yaxud kişi tərəfindən döyüldüyünü bildirmək üçün evlərin qapısına iki dəmir parçası vurulub. Evlərin bütün pəncərələri isə incə işləmələrlə hazırlanıb.

Azərbaycanlı jurnalistləri qarşılayan şəhərin icra başçısı Əli Xəlilli deyir ki, şəhərə hər il dünyanın bir çox ölkələrindən 1.5-2 milyon turist gəlir: "Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələr Masuləni maraqla qarşılayırlar. Şəhərin əhalisinin sayı min nəfərdir. Ancaq yay aylarında bir çox bölgələrdən bura əhali köçür və şəhrin əhalisi sayı 2-3 minə qədər çatır. Şəhər Ərdəbil və Zəncanla həmsərhəddir".

Onun sözlərinə görə, Masulə şəhəri tarixi, özünəməxsusluğu ilə seçilir: "Şəhərə avtomobillərin girişi qadağandır. Masulədə evlərin üst qatı torpaqla suvanıb. Evlər, burdakı insanların həyat tərzi, yeməkləri Azərbaycan yeməkləri ilə çox oxşayır".

O, əlavə edib ki, qədim zamanlarda buranın insanları uzun müddət ticarət işlərini məhz Ərdəbil və Zəncandan edərlərmiş və bu ticari əlaqələrin nəticəsidir ki, burda yaşayan insanlar Azərbaycan dilində sərbəst danışa bilirlər. Ümumilikdə, isə əhalinin 50 faizi milliyyətcə türkdir".

Masulə şəhər sakini Əlirza Cahanbəxş deyir ki, burda 6 ildən bir 6 bal gücündə zəlzələ olur. Amma evlər zəlzələyə davamldıır: "Hər il 3 bal gücündə zəlzələ baş verir. Evlər palçıqdan və ağacdan tikilsə də zəlzələyə davamlıdır. Evlərin əksəriyyətində bir-birindən tunel vasitəsi ilə keçid var".

Ə.Cahanbəxş əlavə deyir ki, adətən qədim zamanlarda yaşayış məntəqələri əkin əkmək üçün torpaq və suyu bol olan yerlərdə salınır: "Masulədə nə torpaq var, nə də su. Bəs necə olur ki, bu şəhərdə məskunlaşma baş tutub?! Burda yaşayışın tapılması üçün əsas amil dəmir mədənidir. Elə şəhərin qurulmasına da bu, səbəb olub".

O, əlavə edib ki, Masulədə 17 karvansara , 11 məscid, 5 ümumi hamam, 400 mağaza var: "Şəhərin yarandığı gündən kanalizasiya sistemi var və pəncərələri iki qatlıdır. Maraqlı burasıdır ki, burda küçələrin heç birində dalan yoxdur".

Xəbər lenti

Xəbər lenti