Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Milli Məclisinin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının 4-cü zirvə toplantısı çərçivəsində təşkil olunacaq Xəzər gənclik sammitinə qatılacaq. Bu barədə Trend-ə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 28-29-da Həştərxan şəhərində keçiriləcək Xəzər gənclik sammitində müxtəlif ölkələrin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi və birgə beynəlxalq layihələrin hazırlanması ilə bağlı məsələlər müzakirə ediləcək.
Gənclər samitinin yekunu olaraq gənclərlə əməkdaşlıq üzrə qətnamənin qəbulu və Xəzər hövzəsi Gənclərinin Assosiasiyasının yaradılması gözlənilir.
F.Muradov sammit çərçivəsində Həştərxan qubernatoru Aleksandr Jilkin ilə görüşəcək, eləcə də zirvə görüşü zamanı Həştərxanda fəaliyyət göstərən milli diaspor təşkilatlarının nümayəndələri ilə keçiriləcək görüşdə iştirak edəcək.
Qeyd edək ki, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə Bakıda 27 ölkəni təmsil edən gənclərin təşəbbüsü ilə təsis edilib. Qurumun hədəfi tarixi ipək yolu üzərində yerləşən ölkələrin gəncləri ilə mədəni və humanitar əməkdaşlıq imkanlarını yaratmaqdır.