...

Nobel mükafatçısı: Hazırda dünyada inkişafın davamlı olması ilə bağlı müəyyən risklər var (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2014 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda dünyada inkişafın davamlı olması ilə bağlı müəyyən risklər var. Trend-in məlumatına görə, bunu bu gün Bakıda IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda keçirilən "dəyirmi masa"da Nobel mükafatçısı Corc Smut bildirib.

Onun sözlərinə görə, dünyanın dayanıqlı inkişaf modelini tətbiq etmək çox çətindir: "Əgər inkişaf olursa, bu, davamlı olmalıdır. Hazırda onun davamlı olması ilə bağlı risklər var. Bu, ixtisasından asılı olmayaraq, hər kəsi narahat edən məsələdir. Әgər hər hansı mənbə tükənərsə, onda bizim həyatımızın dayanıqlı olması çətinləşər. Buna görə də biz fikirləşməliyik ki, bütün cəmiyyətlərdə dayanıqlı inkişaf modelinə necə keçə bilərik? Bunun üçün yalnız dövlət iş aparmalı deyil, əhali də maariflənməlidir".

Digər Nobel mükafatı laureatı Robert Betts Laflin deyib ki, ekoloji sivilizasiya üçün yaxşı idarəçilik, yaxşı idarəçilik üçün isə kompleks kompromislər olmalıdır.

R.Laflin əlavə edib ki, insanların hamısı ən yaxşı cihazları, qurğuları əldə etməyə calışır, ancaq hər kəs də bununla ətraf mühitə təsir göstərir.

Onun sözlərinə görə, davamlı inkişafa nail olmaqdan ötrü yaxşı idarəçiliyin olması üçün yaxşı qanunlar da olmalıdır.

Orta Şərq və Türkiyə üzrə Dövlət İdarəçilik İnstitutunun baş direktoru Aslan Onur Öndər qeyd edib ki, davamlı inkişaf üçün ömür boyu təhsil olmalı, insanlar biliklərini genişləndirməyə calışmalıdırlar. Bununla onlar dövrün tələblərinə cavab verə bilərlər.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Әləkbərov deyib ki, hər bir ölkə istehlakını artırmağa çalışır. Ölkələr istehlaklarını artırmaqla istehsallarını, daha sonra məşğulluqlarını, gəlirlərini artırırlar: "Bu isə həmişə davam edəcək. Dünyanın müxtəlif yerlərində baş verən iğtişaşların əksəriyyəti bundan irəli gəlir".

Azərbaycanın neft və qaz istehsalçısı olduğunu deyən rektorun sözlərinə görə, son 10 ildə Azərbaycan elə iqtisadi baza yaradıb ki, ekoloji baxımdan davamlı inkişafa nail olsun. U.Әləkbərov hesab edir ki, düzgün siyasət aparmaqla, özəl sektoru cəlb etmək və vətəndaş cəmiyyəti yaratmaqla nailiyyətlər əldə etmək olar. Bu uğurlara gedən yol həm də insanların bilikli olmasına əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti