...

ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı əməkdaşlıq sazişi imzalayıb (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2014 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

ADA Universiteti və Amerika Dövlətləri Təşkilatı (ADT) arasında əməkdaşlıq sazişi imzalanıb. Bu barədə Trend-ə ADA Universitetindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu münasibətlə təşkilatın Vaşinqtonda yerləşən mənzil qərargahında ADA Universitetinin rektoru Hafiz Paşayev və ADT-nin baş katibi Xose Manuel İnsulzanın adından təşkilatın inkişaf üzrə icraçı katibi xanım Şeri Trosun iştirakı ilə imzalama mərasimi təşkil edilib.

Əməkdaşlıq sazişi ADT-nin müvafiq dəstəyi əsasında, ADA Universiteti və təşkilatın üzv dövlətlərində yerləşən təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və eləcə də qarşılıqlı mədəni proqramlarda iştirakı nəzərdə tutur.

İmzalama mərasiminin ardınca tərəflər arasında yenicə bağlanmış sazişin perspektivləri haqqında fikirlərini bölüşmüş Hafiz Paşayev həmin sənədin ADA Universitetinə dünyanın bu bölgəsini təmsil edən tələbələrin daha geniş şəkildə cəlb edilməsinə imkan yaradacağını qeyd edib. O, əlavə edib ki, ADT ilə əməkdaşlıq eyni zamanda, Azərbaycanın bu tədris ocağını gələcəyin liderlərini hazırlayan və faydalı əməkdaşlıqları təşviq edən bir təsisat kimi tanıdacaqdır. Hafiz Paşayev ADT təmsilçilərini, həmçinin ADA Universitetinin qısa tarixçəsi və gələcək planları haqqında məlumatlandırıb.

Mərasimdə ADT adından çıxış etmiş inkişaf üzrə icraçı katib xanım Şeri Tros və beynəlxalq münasibətlər üzrə katib Alfonso Qinonez ADT və Azərbaycan arasında əlaqələrə toxunaraq, ADA Universiteti ilə imzalanmış sazişin bu əlaqələrə yetirəcəyi əhəmiyyətli töhfəni qeyd edib və həmin əməkdaşlıq sazişi vasitəsilə Azərbaycanın ADT üzv dövlətlərində insan kapitalının inkişafına verəcəyi dəstəyin faydasını vurğulayıb.

1889-cu ildə təsis edilmiş Amerika Respublikalarının Beynəlxalq İttifaqının varisi olan ADT 35 üzvə malik olaraq, tərkibində Amerika qitəsinin bütün müstəqil dövlətlərini birləşdirir. Bu mənada, ADA Universitetinin imzaladığı əməkdaşlıq sazişi Azərbaycan və geniş coğrafiyanı əhatə edən ADT üzv dövlətləri arasında uzunmüddətli insan bağlarının qurulması baxımından mühüm rol oynayacaqdır. Saziş bir neçə ildən bəri ADA Universitetinin Amerika qitəsi ölkələri ilə apardığı fəaliyyətləri daha da gücləndirəcəkdir. Belə ki, artıq bu günədək Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təqaüdlər əsasında Meksika, Argentina, Ekvador və Baham adalarından olan tələbələr ADA Universitetində təhsil alıblar və bəzi Latın Amerikası ölkələrinin diplomatları isə qısamüddətli təlimdən bəhrələniblər. Nəhayət, Universitet Argentina və Kolumbiya təhsil təsisatları ilə anlaşma memorandumları imzalayıb, Braziliya, Kuba və Argentinadan müəllim heyətini mühazirələr oxumağa dəvət edib, eləcə də arzu edən tələbələrə ispan dilinin tədrisini təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti