Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Azərbaycan dövlət başçısının 17 noyabr 2014-ci il tarixli fərmanının izahı ilə bağlı bəzi KİV-lərdə yanlışlığa yol verilib.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, sözügedən fərman Nəqliyyat Nazirliyinin avtomobil yollarının çəkilməsi ilə bağlı səlahiyyətlərinin məhdudlaşdırılması deyil, avtomobil yolları haqqında qanunun 23-cü maddəsinə edilmiş dəyişikliyin icrası ilə əlaqədardır:
"İlk növbədə qeyd edək ki, 14 may 2013-cü il tarixli qanunla avtomobil yolları haqqında qanuna dəyişiklik olunub. Daha sonra qanunda edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı ölkə başçısının 2 iyul 2013-cü il tarixli 933 saylı fərmanı olub. Nəhayət, sonuncu 17 noyabr 2014-cü il tarixli fərman qanunun 23-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin bölgüsü barədədir.
Burada göstərilir ki, ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır. Belə ki, həmin qanunun 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Yəni fərmanla ümumi istifadədə olan avtomobil yollarının adı və indeksasiyası ilə bağlı 23-cü maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin bölgüsü müəyyən edilib".