...

Dünyanı qlobal şirin su çatışmazlığı problemi gözləyir

Cəmiyyət Materials 25 Noyabr 2014 12:32 (UTC +04:00)
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir.
Dünyanı qlobal şirin su çatışmazlığı problemi gözləyir

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir İlkin İzzət/

Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA-ın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində" mövzusunda keçirilən beynəlxalq konfransın sənədlərində qeyd edilir.

Dünyanın su ehtiyatları üzrə mövcud vəziyyətlə bağlı qısa arayışda qeyd edilir ki, bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Əsaslı müdaxilələr olmasa, on il sonra onların sayı 3 milyard nəfərə çata bilər: "Belə ki, dünya əhalisinin 40%-i iki və ya daha çox ölkənin nəzarət etdiyi transsərhəd su mənbələrindən asılıdır. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş vermişdir. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi - su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb".

Bildirilir ki, su ehtiyatlarının təqribən 70%-i transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürüdürlər: "Regionda su ehtiyatlarına dair beynəlxalq hüquq normalarının hamılıqla qəbul olunmaması nəticəsində transsərhəd Kür, Araz və Alazan çaylarının sənaye və məişət tullantıları ilə çirkləndirilməsi davam etdirilir, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada çaylarda suyun həcmini azaldan hidrotexniki qurğuların tikintisi planlaşdırılır. Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və s. məsələnin hərbi-siyasi xarakter aldığını göstərir".

Qeyd edək ki, konfrans transsərhəd sulardan və su çatışmazlığından siyasi-iqtisadi təzyiq kimi istifadənin yolverilməzliyinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, beynəlxalq hüququn fəallaşdırılmasına və bu istiqamətdə tövsiyələrin hazırlanmasına həsr olunub.

Tədbirdə Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniya və Herseqovinadan gəlmiş mütəxəssislər də iştirak edirlər.

Çıxış edən məruzəçilər qeyd ediblər ki, su mənbələrinin inhisara alınması və onlardan istifadə sahəsində yol verilən israfçılıq, iqlim dəyişməsi, demoqrafik artım, geosiyasi və geoiqtisadi maraqlar, su ehtiyatlarının sürətlə siyasiləşdirilməsi onların geosiyasi təzyiq vasitəsinə çevrilməsi ilə nəticələnib. Müasir dövrdə bu tendensiya qlobal və regional miqyasda getdikcə özünü daha kəskin büruzə verməkdədir. Yaranmış vəziyyət isə təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönəldilən ciddi təhdiddir. Eyni zamanda, bir dövlətin digərlərinə qarşı su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadəsi qətiyyətlə pislənilib, Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycan Respublikasına qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadəsinə beynəlxalq hüquq müstəvisindən qiymət verilib.

Konfransda o da vurğulanıb ki, dünyanın su ehtiyatları ümumbəşəri nemətdir, onun çirkləndirilməsi, inhisara alınması, hidrosiyasi və hidrodiversiya vasitəsi kimi istifadəsi yolverilməzdir. Tədbir iştirakçıları müasir şəraitdə su ehtiyatlarına nəzarət uğrunda artan mübarizənin, bir sıra dövlətlərin transsərhəd su mənbələrini inhisara almaq səyləri nəticəsində yeni siyasi-iqtisadi qütbləşmələrin, konfrontasiyaların, münaqişə zonalarının və hərbi-siyasi ittifaqların yaranmasından birgə narahatlıqlarını da ifadə ediblər. Tövsiyə olunub ki, beynəlxalq təşkilatlar bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirməli, dünya dövlətlərinin şirin su ehtiyatları zəminində münaqişələrin qarşısının alınmasına yönəlik səyləri birləşdirilməli, eyni zamanda transsərhəd su axarlarının istifadəsinə, onların qorunmasına dair beynəlxalq prinsip və normaların bütün dünya dövlətləri tərəfindən tanınmasının və qeyd-şərtsiz icra olunmasının, transsərhəd su mənbələrinə dair beynəlxalq konvensiyalara daha çox dövlətin qoşulmasının təmin edilməsinə səy göstərməlidirlər.

Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanan Bakı Bəyannaməsi qəbul olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti