...

Sehulan mağarası - İranın sehrlər dünyası (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2014 10:43 (UTC +04:00)

İran, Urmiya, 26 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

Sehulan mağarası Qərbi Azərbaycan əyalətində Mehabad şəhərindən 42 kilometr cənub-şərqdə yerləşir. Bu mağara Qərbi Azərbaycan əyalətində təbiətin gözəl təzahürlərindən hesab olunur. Mağaranın içərisində su axır.

Trend-in məlumatına görə, Sehulan kəndi 10-12 il bundan əvvələdək Qərbi Azərbaycan əyalətinin kasıb kəndlərindən biri idi, lakin bu gün mağaranın hesabına əyalətə turistlər cəlb olunur.

Sehul sözü kürd dilində buz deməkdir. Mağara qışda donduğu, yayda isə çox sərin olduğu üçün ona bu ad verilib. Mağaranı yerli əhali "göyərçin yuvası" adlandırır. Bu ad isə orada çoxlu göyərçinlərin yuva saldığına görə verilib.

Mağara İranın milli təbii irsi kimi qeydə alınıb. Sehulan mağarasına iki giriş var. Mağaranın cənubunda bir neçə böyük ağac qayalıqların arasında bitib. Həmin ağaclar mağaranın əsas girişinə kölgə salır. Mağaranın girişindən 45 metr aşağıda göl var. Gölə enmək üçün 106 pilləkən tikilib.

Mağaranın içərisindəki göldən onun damına kimi hündürlük 50 metrdir. Suyun dərinliyi bəzi yerlərdə 30, bəzi yerlərdə isə 60 metrə çatır. Mağarının içərisində temperatur havanın temperaturu ilə müqayisədə 10-15 dərəcə soyuqdur. Mağaranın içərisində turistlər qayıqlarla gəzir. İçərisi çox qaranlıq və nəmlidir. Orada yüzlərlə projektor quraşdırılıb və turistlərin gəzməsi üçün bələdçilər var. Mağaranın içərisindəki gölün suyu şəffafdır, orada balıqlarda var.

Sehulan mağarasının çıxışı "Lune Malan" adlanır. Çıxışın hündürlüyü 50 metrdir. Göldən çıxış qapısına kimi 170 pilləkən tikilib.

Mağaranın ümumi ərazisinin iki hektar olduğu güman edilir, lakin indiyədək onun içərisində 300 metrlik məsafə kəşf olunub.

Qeyd edək ki, İranın Həmədan şəhəri yaxınlığında "Əlisədr" mağarası var ki, bu mağara dünyada içərisində su axan ən böyük mağaradır.

İranın Qərbi Azərbaycan əyalətində səfərdə olan azərbaycanlı jurnalistlər Sehulan mağarasında da olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti