...

Bakı Ali Neft Məktəbində "Gənc kimyaçıların yaradıcılıq musabiqəsi" keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Mart 2015 11:10 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində “Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirildi.
Bakı Ali Neft Məktəbində "Gənc kimyaçıların yaradıcılıq musabiqəsi" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

Bakı Ali Neft Məktəbində "Gənc kimyaçıların yaradıcılıq musabiqəsi" keçirildi.

BANM-dən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verdi. E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğuladı. Rektor müsabiqə iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal iştirak etməyi tövsiyə etdi və onlara bilik yarışında uğurlar dilədi.

Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov müsabiqə iştirakçılarını salamlayaraq, yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğuladı. O, bu istiqamətdə son illər təşkil olunan tədbirlərdən danışaraq, təhsil sistemində ardıcıl olaraq həyata keçirilən islahatların perspektivlərini yüksək qiymətləndirdi və müsabiqə iştirakçılarına bilik və bacarıqlarının nümayişində müvəffəqiyyətlər arzuladı.

BANM-in "Kimya mühəndisliyi" ixtisasının 1-ci kurs tələbəsi Nərmin Baxışova və "Kimya mühəndisliyi" ixtisasının 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Pərnaz Səlimova təşkilatçılara və müsabiqə iştirakçılarına müraciətlərində özlərinin bu Ali Məktəbin tələbəsi adını qazandıqlarından qürur hissi keçirdiklərini qeyd edərək, buradakı münbit təhsil mühitinin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rol oynadığını vurğuladılar. Onlar bu cür müsabiqələrin şagirdlərin biliklərinin nümayişi üçün vacib rol oynadığını vurğuladılar. Tələbələr, həmçinin, müsabiqə iştirakçılarını gələcəkdə BANM-də ali təhsil almağa dəvət etdilər və tələbələrin sırasına qoşulan hər bir gəncə hamilik etməyə hazır olduğlarını bildirdilər.

Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verildi. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edildi.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olundu.

Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti