...

İdman-mərc oyunlarının reklam vaxtı məhdudlaşdırılır

Cəmiyyət Materials 10 Mart 2015 13:38 (UTC +04:00)
Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir.
İdman-mərc oyunlarının reklam vaxtı məhdudlaşdırılır

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif edilir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında" yeni qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı komitə üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu barədə məsələ yeni qanun layihəsinə daxil edilib. V.Əhmədov həmçinin sosial reklamların da vaxtına toxunub. O qeyd edib ki, sosial reklamların səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.

Millət vəkili əlavə edib ki, qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizini - əvvəllər bu 5 faiz idi - sosial reklamların təşkil etməsi nəzərdə tutulub: "Yəni, səhər saat 9-dan gecə saat 12-yə kimi sosial reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu".

Sözügedən qanun layihəsinin hazırlanması üzrə işçi qrupun rəhbəri olan V.Əhmədov vurğulayıb ki, parlamentdə birinci oxunuşun müzakirələrindən sonra işçi qrup tərəfindən qanun layihəsi üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti