...

Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən vətəndaşların iş tapması asanlaşacaq

Cəmiyyət Materials 31 Mart 2015 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə bildirib ki, "Məşğulluq haqqında" qanuna görə, sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlilliyi olan şəxslər, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar aid edilir.

E.Babayev deyib ki, hazırda əmək kvotası müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında kvota müəyyən edilir. Bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur. Əmək kvotası işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla), işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla) kvota müəyyən edilir.

Nazirlik rəsmisinin sözlərinə görə, məşğulluq haqqında qanunvericilik işəgötürənlər tərəfindən yeni yaranan boş iş yerləri, həmçinin kvotalar barədə məlumatların məşğulluq orqanlarına təqdim olunmasını tələb edir. Bir sıra hallarda işəgötürənlərin bu məsələyə, sosial cəhətdən həssas qruplardan olan şəxslərin kvota üzrə məşğulluğunun təminatına münasibəti arzuolunan səviyyədə olmur. Başqa sözlə, bu sahədə bir çox hallarda qanunvericiliyin tələblərinə əməl olunmaması halları özünü göstərir. Bununla bağlı olaraq, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən müəssisələrdə "Məşğulluq haqqında" qanunun 17-ci maddəsinin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılarkən zəruri məlumat və hesabatları məşğulluq orqanlarına təqdim etməyən işəgötürənlərə qarşı qanunvericilikdə nəzərdə tutulan məbləğlərdə cərimələr tətbiq olunur.

E.Babayev işəgötürənlərin bu məsələ ilə bağlı məsuliyyət hissinin artırılması məqsədilə ƏƏSMN-in son illərdə nəzarət tədbirlərini xeyli gücləndirdiyini də əlavə edıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti