Azərbaycan, Bakı, 20 aprel /Trend/
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə tranzit daşımaları ilə bağlı əlverişli şəraitin yaradılmasını müzakirə etmək üçün Azərbaycan nümayəndə heyəti Aşqabadda olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfər çərçivəsində Türkmənistan Nazirlər Kabineti sədrinin nəqliyyat və rabitə məsələləri üzrə müavini Satlık Satlıkovla görüşü keçirilib.
Görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Gürcüstan Dəmir Yolları" SC-nin, "Azərbaycan Xəzər Gəmiçiliyi" SC-nin və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nümayəndələri iştirak ediblər.
Tədbirdə Avropa-Qafqaz-Asiya (TRASEKA) beynəlxalq nəqliyyat dəhlizi üzrə Türkmənistan vasitəsilə idxal-ixrac yüklərinin tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması, iştirakçı dövlətlərin lımanlarından istifadə etməklə onlar arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə komitənin yaradılması məsələləri müzakirə olunub.