...

"Herodot kuboku" intellektual yarışının qalibi məlum oldu (FOTO)

Cəmiyyət Materials 6 May 2015 16:31 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə həyata keçilən “Herodot kuboku” intellektual yarışının qalibi Bakı Dövlət Universiteti komandası oldu.
"Herodot kuboku" intellektual yarışının qalibi məlum oldu (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə həyata keçilən "Herodot kuboku" intellektual yarışının qalibi Bakı Dövlət Universiteti komandası oldu.

ATGTİ və "Azərbaycan" İntellektual Oyunlar Klubunundan verilən məlumata istinadən bildirilir ki, layihənin keçirilməsində məqsəd tələbə gənclərin Azərbaycan və dünya tarixinə dair biliklərini yoxlamaq, onların məlumatlılığını artırmaq, eyni zamanda, tələbələr arasında sağlam intellektual yarış mühitinin formalaşmasını təmin etməkdir.

Layihə çərçivəsində ali təhsil müəssisələrinin komandaları arasında Azərbaycan və dünya tarixi mövzularında intellektual yarışlar keçirilib.

Qeyd edək ki, final mərhələsində ali təhsil müəssisələrini təmsil etmək üçün hər bir universitet daxilində "Azərbaycan" İntellektual Oyunlar Klubunun (AİOK) təşkil etdiyi sinxron çempionat çərçivəsində seçim turları keçirilib. Seçim turları və final mərhələsinin sual müəllifləri AİOK-un redactor komandasıdır. Klubun prezidenti və eyni zamanda final mərhələsinin aparıcısı olan Aydın Piriyev layihə barədə fikirləri ilə bölüşüb: "Müasir informasiya dünyasında Azərbaycan həqiqətlərini çatdırmaq üçün vətənprvər gənclər savadlı olmalı və dünyagörüşlərini daim inkişaf etdirməlidirlər. Tarix sahəsində keçirilən yarışlar da məhz bunun üçün zəruridir və gənclərin bu sahədə olan biliklərini artırır".

"Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində keçirilir. Bu il artıq 3-cü çempionata start verilmişdir və keçirilmiş ilk turlarda ümumlikdə 256 komandanın iştirakı qeydə alınmışdır.

"Azərbaycan" İntellektual Oyunlar Klubu paytaxtla kifayətlənməyərək həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq bir sıra bölgələr də bu hərəkata qoşuldular. Lənkəran, Quba, Qusar, Şabran, Göyçay, Balakən, İmişli, Qərb bölgəsi üzrə Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Qazax üzrə hal-hazırda nümayəndəliklər var və mütəmadi olaraq oyunlar təşkil edilir. 2014-cü ilin fevral ayından etibarən isə Qərb rayonlarında da intellektual layihəyə start verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti