...

Azərbaycanda torpaqların qeyri-qanuni zəbt edilməsi, onlardan təyinatı üzrə istifadə edilməməsi sahəsində tələblər sərtləşdirilir

Cəmiyyət Materials 25 May 2015 15:32 (UTC +04:00)
Mayın 25-də Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələri müzakirə edilib.
Azərbaycanda torpaqların qeyri-qanuni zəbt edilməsi, onlardan təyinatı üzrə istifadə edilməməsi sahəsində tələblər sərtləşdirilir

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Elçin Mehdiyev/

Mayın 25-də Milli Məclisin aqrar siyasət komitəsinin iclasında "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri müzakirə edilib.

Trend-in məlumatına görə, komitə sədri Eldar İbrahimov "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verərək bildirib ki, dəyişikliklərə görə 188.1-ci maddədə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma - 1500 manatdan 3 min manatadək miqdarda cərimə və ya 240 saatdan 400 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllənin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 314-1-ci maddəsi aşağıdakı redaksiyada verilir: 314-1.1. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul etmə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

314-1.2. Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqqında qərar qəbul etmə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa, Məcəlləyə əlavə edilən 314-2.1-1-ci maddəyə görə, qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə - 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sonra "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılıb. Diqqətə çatdırılıb ki, hər iki qanun layihəsində dəyişikliklərin edilməsində məqsəd torpaqların qeyri-qanuni zəbt edilməsinin, onlardan təyinatı üzrə istifadə edilməməsinin və qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliyin tələblərini sərtləşdirməkdir.

Çıxış edən deputatlar dəyişikliklərin zəruriliyini vurğulayıblar. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti