...

Kiş - dünyanın 10 ən gözəl adasından biri (FOTO)

Cəmiyyət Materials 30 May 2015 20:00 (UTC +04:00)
Kiş adası Fars körfəzində yerləşir. İranın cənubunda Hörmüzgan ostanının Lengə şəhərinin tabeliyində olan bu ada arxipelaqın bir hissəsidir.
Kiş - dünyanın 10 ən gözəl adasından biri (FOTO)

İran, Kiş, 30 may /Trend, müxbir Təmkin Cəfərov/

Kiş adası Fars körfəzində yerləşir. İranın cənubunda Hörmüzgan ostanının Lengə şəhərinin tabeliyində olan bu ada arxipelaqın bir hissəsidir.

Kiş adası 2010-cu ildə "New York Times" qəzeti tərəfindən dünyanın 10 ən gözəl adası sırasında yer tutub. 1970-ci ildə amerikalı və iranlı mütəxəssislər Kiş adasına baxış keçirib və adanın özünəməxsus təbii gözəlliyi, mərcan sahili və sahil boyu şəffaf suları olduğu üçün buranı beynəlxalq turizm mərkəzi kimi seçiblər. Həmin dövrdə dövlət adada infrastrukturun salınması, hotel, beynəlxalq sərgi mərkəzləri və hava limanının tikintisinə başlayıb. 1981-ci ildə isə Kiş adası İranın ilk Azad İqtisadi Zonası kimi fəaliyyətə başlayıb.

Kiş adasının iqtisadiyyatı bu gün turizm və ticarətə əsaslanır. Kiş adası İranın elektrik xəttinə birləşmədiyi üçün öz enerjisini adada olan yeganə qaz elektrik stansiyasından təmin edir. İran hökuməti adanın cənub-qərbində ikinci qaz elektrik stansiyasını tikməyi planlaşdırır.

Kiş adasının özəllikləri

Kiş adasının ümumi sahəsi 91,5 kvadrat kilometrdir. Adada ən hündür təpə dəniz səviyyəsindən 35 metr yüksəklikdə yerləşir. Adada davamlı axan çay yoxdur, lakin çox sayda yeraltı şirin su bulaqları var. Kiş adası hava nəqliyyatı ilə paytaxt Tehrandan 1052 kilometr məsafədə yerləşir. Dəniz yolu ilə isə Buşəhrə 675, Bəndər Abbas limanına 250 kilometrdir. İranın bu adaya ən yaxın limanı Çarkdır ki, bu liman da adanın 18 kilometrliyində yerləşir.

İsti və rütubətli havası var və adada orta temperatur ildə 26,6° C olur. Adada il ərzində 2-3 dəfə yağış yağır. Əhalisi 27 min nəfərdir və hər il 1 milyon yarım insan Kiş adasına gəlir. Əcnəbilərin adaya səfər etmələri üçün viza almağa ehtiyac yoxdur.

Kiş adasında ümumi uzunluğu 70 kilometr olan və bütün sahil boyu uzanan xüsusi yaşıl zolaqlı velosiped yolu var. Deyilənə görə, bu yol dünyanın ən uzun velosiped yoludur.

Adada xarici avtomobillərin qiyməti çox ucuzdur, ucuz olmasına baxmayaraq, onların adadan İranın digər şəhərlərinə çıxarılması qadağandır. Adada demək olar İran istehsallı avtomobillər gözə dəymir. İranın digər bölgələrində mövcud olmayan bir sıra xarici şirkətlərin tanınmış markaları, xüsusilə, Birləşmiş Ştatların istehsal etdiyi son model avtomobillər göz oxşayır. Adada avtomobillərlə bağlı fərqli və maraqlı qaydalar var. Hər alınan yeni avtomobilin istismar müddəti yalnız 10 ildir və müddət bitdikdən sonra avtomobili sürmək qadağan olunur, utilizasiyaya verilir.

Kiş adasının digər bir fərqli cəhəti ondan ibarətdir ki, burada işıqfor yoxdur. Şəhərin mərkəzində avtomobillər üçün sürət həddi 50-60, ətrafında isə 80 km təşkil edir. Adada avtomobil çirkli olarsa, sürücü siqnal verərsə, cərimə yazılır. Bir sözlə, adada avtomobil sürmək bir növ əyləncədir. İranın digər şəhər və bölgələrindən insanlar bura ən son model və bahalı avtomobilləri kirayə etmək və sürmək üçün də gəlirlər. Avtomobillərin kirayəsi isə 35 dollardan 1000 dollara qədər - maşının markasına görə - dəyişir.

Kişin tarixi, görməli yerləri

Kiş adasının görməli yerlərinin çoxu təbiətin əli ilə uzun illər ərzində yaradılmış və bəşər övladının əli ilə də dəyişikliklərə məruz qalmışdır. Bu adanın əsrarəngiz gözəlliklərindən biri adanın sahilləridir. Bu sahillər çox gözəldir və belə təbii gözəlliklərə dünyada çox az rast gəlinir: suyun dərinliyinin az olması və şəffaflığı səbəbindən dənizin dibi bir neçə metr dərinliyədək aydın görünür və sanki təbii bir akvariumdur.

Tarixi yerlərindən qədim Hərirə, Payab və Karizin (Kəhriz) adını çəkmək olar.

Hərirə dağılmış bir şəhərin adıdır. Bu şəhərdə arxeoloji qazıntılar zamanı tapılmış əşyalar 800-1000 il öncəyə aiddir. İndiyədək dağılmış Hərirə şəhərində əyan evi (varlı evi), hamam, liman və məscid torpaq altından çıxarılıb. Hazırda ərazidə arxeoloji qazıntılar davam edir.

Kəhriz şəhərinin tarixi isə 1000 il əvvələ gedib çıxır. Adından da göründüyü kimi, burada olan kəhriz ada sakinlərini içməli su ilə təmin edirdi, lakin hazırda 10 000 kv.m sahəsi heyrətamiz bir yeraltı şəhərə çevrilib.

Yunan gəmisi də Kiş adasının turistlərini cəlb edən məkanlardan biridir.

Adanın yerli ağacları təbii, buranın cəzbedici və gözəl xəzinəsidir. Lur ağacı və ya müqəddəs əncir adanın ən məşhur ağacıdır. Bu növ ağaclar adanın cənub bölgəsində bitir. Lur ağacının çoxillik qabığı və əsas gövdədən asılı vəziyyətdə olan yarpaqları və kökləri onu digər ağac növlərindən fərqləndirir. Bu ağacların kökləri elə bitir ki, çətir kimi torpaq üzərinə kölgə salır və ağac bir neçə yüz il ömür sürə bilir.

Son illər Kiş adasında turizmin inkişafı üçün yeni ticarət və əyləncə mərkəzləri tikilir. Çoxlu sayda ceyran və quşların təbii mühitdə yaşadığı sahil parkı, quş parkı, ceyran parkı, Kiş vəhşi heyvanlar parkı, delfin parkı qonaqların vaz keçə bilmədiyi məkanlardandır.

Kiş adasındakı küçə və bulvarlar da gözəl bir uslubda salınıb və buradakı dekorativ ağaclar və rəngarəng güllər adaya xüsusi bir gözəllik bəxş edir. Kişin qumlu sahillərindəki torpaq mərcandandır və Günəş şüaları altında gümüşü parlaqlıq verir.

Burada adrenalin sevənlər üçün safari də fəaliyyət göstərir. Həmçinin qumlu dərələrdə maşın sürmək, bir sıra atraksionlardan istifadə etmək mümkindir.

Xəbər lenti

Xəbər lenti