Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda gənclərə daha aktiv qan donoru olması üçün müraciət edilib. Trend-in məlumatına görə, Azərbaycan Gənc Qan Donorlarının II Forumunda çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, inkişaf etmiş ölkələrdə yaşı 25-dək olan bütün gənclər həmin yaş dövrünə kimi 25 dəfə donor olurlar.
Azərbaycan gənclərinin də belə aktiv olmasını arzulayan S.Babazadə deyib ki, yaşı 25-dək olan bütün gənclərimiz daha çox donor olmağa çalışsınlar. Donor olmaq onların daha sağlam olmasına səbəb olur.
S.Babazadə qeyd edib ki, bir insan qan verməklə bir neçə insanın həyatını xilas edir.
Hər il dünyada 108 milyon doza qanın toplandığını deyən S.Babazadə deyib ki, Azərbaycanda hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir.
Donor qanına tələbatın getdikcə artdığını söyləyən S.Babazadənin sözlərinə görə, Ümümdünya Səhiyyə Təşkilatı da ən təhlükəsiz qanın mənbəyinin daimi, könüllü, təmənnasız donorluq olduğunu bildirir. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.
S.Babazadənin sözlərinə görə, İSİM qan donorluğu ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində uğurlu fəaliyyət göstərir. O qeyd edib ki, Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafı sahəsində gələcəkdə gənclər tərəfindən həyata keçiriləcək fəaliyyətlərin müzakirəsindən sonra tövsiyələr də hazırlanacaq.