...

Oqtay Şirəliyev: Səhiyyənin inkişafı üçün atılan addımlar savadlı kadrların olmasını tələb edir

Cəmiyyət Materials 17 İyun 2015 16:13 (UTC +04:00)
Azərbaycanda səhiyyənin inkişafı üçün atılan bütün bu addımlar savadlı, bilikli, öz bilik və bacarıqlarını praktikada tətbiq edə bilən tibbi kadrların olmasını tələb edir.
Oqtay Şirəliyev: Səhiyyənin inkişafı üçün atılan addımlar savadlı kadrların olmasını tələb edir

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda səhiyyənin inkişafı üçün atılan bütün bu addımlar savadlı, bilikli, öz bilik və bacarıqlarını praktikada tətbiq edə bilən tibbi kadrların olmasını tələb edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu bu gün səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, son bir ildə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb: "Tibb təhsilində islahatlar, xaricdə təhsil, tibb işçilərinin sertifikasiyası, onlar üçün təkmilləşmə və ixtisasartırma kursları, vakant həkim yerlərinə mərkəzləşmiş imtahan yolu ilə işə qəbul kimi tədbirlər sayəsində bu sahədə böyük irəliləyişlər əldə edilib".

O.Şirəliyevin sözlərinə görə, son dövrlərin ən ağır faciəsi - Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın və onun nəticələrinin aradan qaldırılması zamanı paytaxtın təcili tibbi yardım xidməti, tibb müəssisələri çox mütəşəkkil fəaliyyət göstərdi.

Nazir deyib ki, belə hadisələrdə tibb işçilərinin üzərinə böyük yük düşür: "Ancaq ölkəmiz üçün fərəhli və təntənəli məqamlarda da həkimlərə, orta tibb personalına ehtiyac heç də az deyil. Bu gün Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarına ev sahibliyi edir. Bütün qüvvələr, insan resursları bu tədbiri layiqincə keçirməyə səfərbər olunub. Bu işdə Azərbaycanın tibb işçilərinin də üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, biz bu vəzifələrin öhdəsindən lazımınca gələcəyik".

O.Şirəliyev əlavə edıb ki, ölkəmizin səhiyyə ocaqlarında Azərbaycan vətəndaşlarına yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Bu, həm səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmiri, həm onların müasir cihazlarla təchizatı, həm də avadanlıqlarla, dərman vasitələri ilə təminatına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti