Azərbaycan, Bakı, 21 iyun /Trend/
Ölkəmizdə baş verən rəqəmsal inkişaf prosesləri nəzərəçarpacaq qədər sürətlə davam edir. Gündəlik televiziya, sayt xəbərlərində, reklamlarda şəffaf, səmərəli xidmət, sosial məmnuniyyətin təminatı, elektron xidmət, elektron vasitə, mobil tərtibat, elektron sənəd mübadiləsi kimi başlıqlar oxuyur, izləyirik. Hər birimizə məlumdur ki, bu rəqəmsal dəyişiklər "Elektron hökumət" quruculuğu çərçivəsində gerçəkləşdirilir. Hazırda bir çoxlarımız bu quruculuğun formalaşdırıcısı, istifadəçisi, inkişaf etdiricisi, tənqidçisi, təqdir edicisi və s. bir sözlə, heç bir elektron vasitədən istifadə etməyənlər belə, hansısa şəkildə rəqəmsal cəmiyyətin üzvüdür, tərkib hissəsidir.
Bəs nə üçün məhz "Elektron hökumət"?
Aydındır ki, "Elektron hökumət" mövcud olan innovativ İKT texnologiyaları vasitəsilə dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən mövcud xidmətlərin təkmilləşmiş elektron formasıdır.
İndi isə hamıya tanış olan sosial xidmətlərin, ilk baxışdan elektron ekvivalent kimi görünən, amma ətraflı təhlil etdikdə yeni idarəçilik metodunun təməli olan elektron xidmətlərin vətəndaşlara verdiyi üstünlükləri təhlil edək:
İlkin görünüş:
Şəffaflıq |
Xidməti seçirəm, özüm icra edirəm, nəticəni özüm əldə edirəm. Nəticənin mənfi və ya müsbət olması heç fərq etmir, xidmətin keyfiyyətini özüm görürəm. |
Səmərəlilik |
Xidmətin səviyyəsi göz önündə hətta qeyd olunandır. Təqdim olunan xidmətə münasibət bildirməyə, tələb etməyə, təqdir etməyə imkanım var. |
Vaxta qənaət |
Vaxtıma qənaət edirəm, sadəcə, kompüter və internet təmin etməklə zamanımı dəyərləndirirəm. |
Stressdən uzağam |
Çünki real situasiyanı (yenə də müsbət/mənfi olmasına baxmayaraq) görürəm, mənə təklif olunan həll yollarından istifadə edirəm, həm öz hüquqlarımı qoruyuram, həm də idarəçilikdə maneələr yaradan amilləri, əngəlləri yenə də hökumətin mənə təklif olunan elektron həll vasitələri ilə özüm aradan qaldırıram. |
Nəticə: Xidmətin iştirakçısı özüməm, həm sosial qayğılarımı həll edirəm, həm də bu və ya digər şəkildə idarəçilikdə iştirak edirəm. |
Ətraflı təhlil:
Bir qismimiz "xidmətləri elektronlaşdırdınız, nə dəyişdi?!", "portaldan qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin sayı çox deyilmi?!" deyirik, ya da texniki səhv baş verdi deyə, kompüteri söndürüb problemin həlli üçün yola düşürük.
Digər bir qismimiz, hətta bu gün əlimizdə olan rəqəmsal imkanlardan imtina edib daha innovativini tələb edirik.
"Elektron hökumət" necə yaranır, necə formalaşır, hansı mərhələlərdən keçir? Vətəndaş kimi proseslərdə mənim öhdəliyim nədən ibarətdir?
"Elektron hökumət"lə bağlı dünya təcrübələrinə nəzər saldıqda, proseslərə köhnə idarəçilik metodları ilə təqdim olunan sosial xidmətlərin ənənəvi formasının saxlanılması ilə elektronlaşması, elektron idarəçilik vasitələrinin, yəni xidmətlərin cəmiyyət tərəfindən qəbul edilməsi, istifadəsi və zamanla bunun nəticəsində, əldə olunan göstəricilər hansı istiqamətdədirsə bu istiqamətdə qanunvericilikdə və idarəçilik metodlarında dəyişiklik edilir. Yəni proses tədricən, sosial praktika dəyərləndirilərək və dolaşıq məqamlar həll edilərək davam və inkişaf edir. Bəli, hələ də yüksək inkişaf etmiş ölkələrdə belə, bu proses davam edir və daha yeni, mütərəqqi İKT vasitələr meydana gəldikcə də dəyişiləcək. Çünki bu prosesin idarəçisi biz insanlarıq, bizim bugünkü təxəyyülümüzlə sabahkı təxəyyülümüz, bundan irəli gələn düşüncəmiz, zəncirvari əlaqəli tələblərimiz, tələbatlarımız və s. hər gün dəyişir.
Mövcud "Elektron hökumət" quruculuğu, elektron xidmətlər bizə nə qazandırır?
Primitiv bir nümunə: poçt məntəqələrində kommunal xərcləri ödəmək üçün növbəyə düzüldüyümüzü hamı xatırlayır. Bu gün o sosial qayğının həlli bizə bir neçə formada, oflayn və onlayn formada təqdim edilib. Hələ də kimsə o növbədə gözləyirsə, bizim vətəndaşlıq borcumuz onu məlumatlandırmaqdır. Ödənişlə bağlı bir çox digər xidmətlər, vergi, cərimə ödənişləri də həmçinin.
İşləyirdik, amma maaşımızdan tutulan sosial sığorta vəsaitinin məbləğini, necə dəyərləndirildiyini və bizə nə faydası olduğunu bilmirdik. Bu gün "Elektron hökumət" bizə işlədiyimiz illər üzrə yığılan pensiya kapitalına qədər mühüm fərdi məlumatlarımızı onlayn edərək, bir kompüter qədər yaxınlaşdırıb. Heç şübhəsiz ki, hər bir vətəndaşın özü barədə istənilən məlumatı əldə etmək hüququ var, hökumət bu xidməti bizə elə olduğumuz yerdə göstərir.
İşə düzəlirdik, çoxumuz əmək müqaviləsinin tərtib olunmasından, müqavilədə əks olunan hüquqlardan xəbərdar deyildik və yenə bu gün "Elektron hökumət" əmək müqavilələrinin elektron qeydiyyata alınmasını mümkün edib, hökumət mövcud imkanları dəyərləndirərək bizim əvəzimizə müqavilələrin mütləq qeydiyyata alınması üçün tələb qoyur, cərimə tətbiq edir və bu istiqamətdə də proseslər davam edir, inkişaf edir. Bu gün əmək müqaviləmizi şəffaf şəkildə kompüterimizdən əldə edə bilirik.
Müxtəlif məzmunlu, hər addımbaşı tələb olunan arayışların əldə olunması üçün günlər, saatlar sərf etməyimiz, özümüzə aid informasiyanın kiminsə tərəfindən təsdiqlənməsi üçün qeyri-rəsmi rüsum ödəməyimiz xüsusilə dözülməzdir. Lakin artıq bir çox arayışların elektron formasını rahatlıqla əldə edə, istədiyimiz quruma eyni rahatlıq və məmnuniyyətlə təqdim edə bilərik.
Real haldır ki, bir çox ənənəvi xidmətlərdə hələ də sənədlərin tələbinin çoxluğu, dolayı proseslərin, əməliyyatarın çoxluğu var. Kompüterin ölkəmizdə tətbiqi heç 20 ili əhatə etmir və azadlığını yeni əldə etmiş ölkə olaraq, SSRİ-nin tərkibindən çıxmış, cəsarətlə irəliyə addımlar atan, gücləndikcə daha inamla irəliləyən ölkəyə çevrildiyimizi nəzərə alsaq, bugünkü rəqəmsal prosesləri müəyyən qədər əngəlləyən və ləngidən səbəblər daha aydın görünər.
Bütün məsələlərdə olduğu kimi, bu proseslərdə də əməkdaşlıq, əks əlaqə, qarşılıqlı işbirliyi çox önəmlidir. Bu münasibətlər çoxşaxəli və bir-birindən zəncirvari asılıdır. İstər qurumlararası, istər qurum-vətəndaşarası münasibətlər stabil şəkildə və irəliyə doğru eyni hədəfə yönəlsə məqsədəuyğun nəticələr əldə olunar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzi