Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Azərbaycan Milli mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
Trend xəbər verir ki, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov əvvəllər mətbuatda təsadüfi şəxslərin media düşməsi bu sahəyə mənfir göstərmişdisə, indi vəziyyət dəyişib. Azərbaycan dövlətinin və dövlət başçısının kütləvi informasiya vasitələrinə xüsusi diqqət göstərdiyini deyən Xidmət rəisi son zamanlar KİV-in işində çox ciddi dönüş və irəliləyişlərin olduğunu bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum mətbuatla sıx əməkdaşlıq edir: "Bizim Xidmət qısa müddətdir yaranmasına baxmayaraq, mətbuatla sıx əməkdaşlıq edir. Mətbuatla əlaqələrimiz çox yaxşıdır. Ancaq mətbuatla əlaqələrimiz bundan da yaxşı olmalıdır".
A.Rəhimov daha çox işində dəqiq və düzgün olan media nümayəndələri ilə əməkdaşlığa üstünlük verdiklərini açıqlayıb: "Bizimlə kim dostluq edirsə, onunla dostluq edirik və edəcəyik. Kim dövlətçilik naminə bizə işimizdə kömək edirsə, biz də onlara işində dəstək olmağa hazırıq. Bəzi KİV-lər var ki, biz onları tədbirlərimizə bilərəkdən dəvət etmirik. Çünki deyilən sözləri təhrif edir, bilərəkdən dəyişdirərək insanlara çatdırırlar. Bəzi jurnalistlər bilmədiklərini yazanda, bu, vətəndaşlar arasında narahatlıq və narazılığa səbəb olur".
Mediada hərbi-vətənpərvərlik istiqamətində az təbliğat aparıldığını deyən A.Rəhimov bu sahəyə daha çox diqqət artırılmasını arzuladığını deyib.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə fəal əməkdaşlıq etdiklərinə görə bir neçə kütləvi informasiya vasitəsinə Fəxri fərman, jurnalistlərə isə hədiyyələr təqdim olunub. Mükafatlananlar arasında Trend İnformasiya Agentliyinin də adı var.