Azərbaycan, Bakı, 22 iyul /Trend/
"Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın (MFP) 76 faizi tam icra edilib. Digərləri isə ya qismən icra edilib, ya da heç edilməyib.
Trend-in məlumatına görə, bunu bu gün I yarımil ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında Korrupsiyaya qarşı Mübarizə Üzrə Komissiyanın katibi Vüsal Hüseynov deyib.
O qeyd edib ki, əsasən informasiya azadlığının təmin edilməsi istiqamətində böyük işlər görülüb: "Dövlət orqanları tərəfindən 90 faiz saytlar təkmilləşdirilib, məlumatlar mütəmadi yenilənib. Dövlət xidmətlərinin göstərilməsi istiqamətində də uğurlar əldə edilib. Xüsusən "ASAN xidmət" mərkəzləri bu baxımdan fərqlənib. MFP-nin 76 faiz icra edilməsi yüksək göstəricidir".
V.Hüseynov bildirib ki, bəzi sahələrdə ləngimələr var: "Məsələn, "Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında" Qanunun qəbul edilməsidir. Lakin qanun layihəsi artıq hazırlanıb və ictimai müzakirələrdən keçib. Artıq layihə baxılması üçün Nazirlər Kabinetinə təqdim edilib. MFP-nin icra edilməyən bir hissəsi də " İctimai iştirakçılıq haqqında" Qanunun tələbinə uyğun olaraq dövlət qurumlarında İctimai Şuraların yaradılmasıdır. Bəzi dövlət orqanlarında belə Şuralar yaradılsa da, ümumən tam icra edilməyib".