Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda "Skype" internet-telefoniyasının işini yalnız bir halda - onu tam bloka almaqla dayandırmaq olar. Bunu Trend-ə "Microsoft Azerbaijan" şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev "Skype" servisinə qarşı lisenziyalaşdırma təcrübəsinin tətbiqi məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, "Skype"ı bloka almaq texniki baxımdan zəhmətli işə çevrilə bilər, belə ki, bu servis internet-brauzerlərdə istifadə edilən adi internet-portlar (80 və 442) üzrə işləyir: "Bununla da bu portların bloka alınması faktiki olaraq bütün AzNET seqmentinin iş qabiliyyətinə mənfi təsir edə bilər. Skype-ın lisenziyalaşdırılmasına gəlincə, bildiyim qədərilə dünyanın heç bir yerində belə təcrübə tətbiq edilməyib".
Mütəxəssisin fikrincə, hazırda bir çox şirkətlər rabitə xidmətlərini son istifadəçilərə daha əlçatan etməyə çalışır ki, onların xərclərini minimuma endirsin: "Skype", "WhatsApp", "Viber" və digər servislərin rabitə xidmətlərinə çəkilən xərcləri dəfələrlə azaltmağa imkan verməsi bunun bariz nümunəsidir. Mobil rabitə xidmətləri tarifləri ilə müqayisədə bu servislər vasitəsilə ünsiyyət dəfələrlə ucuz başa gəlir. Onların lisenziyalaşdırılmasından danışsaq, bu, olduqca çətin, zəhmətli və demək olar, mümkünsüz iş olacaq. Bunun üçün yalnız onlara girişi bloklamaq lazımdır".
İnternet-telefoniya servislərinin lisenziyalaşdırılması mövzusuna rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov toxunub. O, jurnalistlərə bildirib ki, "Skype, "WhatsApp" və "Viber" kimi servislər lisenziyalaşdırılmalıdır: "Bu, sıravi istifadəçilər üçün problem yaratmayacaq, çünki mövcud məsələ bilavasitə həmin şirkətlərlə sahənin tənzimləyici qurumu arasında müvafiq sənədlərin imzalanması ilə həll edilə bilər".
Sahə üzrə qurumun hüquqi şöbəsindən bildiriblər ki, bu məsələ hazırda aktualdır, buna görə də onun həlli yolları tapıla bilər.
Nazirlikdən deyiblər ki, telekommunikasiya xidmətlərində texnologiyalar və servislər məsələsi qanunvericilikdə əksini tapmadığı üçün Azərbaycanda "Skype", "WhatsApp" və "Viber" kimi əlavələrin işinin hüquqi tənzimlənməsi nəzərdə tutulmayıb: "Buna baxmayaraq, IP-telefoniya, 3G, beynəlxalq rabitə və s. xidmətlərinin göstərilməsi kimi ümumi müddəalar var və onların lisenziyalaşdırılması tələb olunur".