...

İnformatika fənni ilə bağlı yenidən müzakirələrə başlanıldı: Aidiyyatı qurumların bu fənlə bağlı planları nədir?

Cəmiyyət Materials 11 Avqust 2015 11:47 (UTC +04:00)
Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə informatika fənninin tədrisi, fənnə münasibət və digər məsələlərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə açıq məktub yazıb.
İnformatika fənni ilə bağlı yenidən müzakirələrə başlanıldı: Aidiyyatı qurumların bu fənlə bağlı planları nədir?

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə informatika fənninin tədrisi, fənnə münasibət və digər məsələlərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə açıq məktub yazıb.

Trend-ə daxil olan həmin məktubda qeyd edilir ki, bu gün məktəb informatikasının inkişafına əsas maneə ali məktəblərin qəbul imtahanlarına informatikadan sualların daxil edilməməsidir:

"Təqribən 10 il qabaq Sizinlə söhbətimizdə özünüz də bu fikri dəstəkləmişdiniz. Amma bəzi şəhər, rayon və kənd məktəblərinin hamısının kompüterlərlə tam təchiz edilməməsini bu işə maneə kimi göstərirdiniz. O zaman sizinlə razılaşmaq olardı. 3 il əvvəl isə siz mənə artıq bu barədə düşünməyin zamanı çatdığını və yaxın vaxtlarda riyaziyyat suallarına alqoritmlərdən 5-6 sualın daxil ediləcəyini söyləmişdiniz. Bu gün isə artıq bu da azdır".

R.Mahmudzadə məktubunda qeyd edib ki, artıq ali təhsil sistemimizdə İT ixtisaslar üzrə tam bir kompleks yaranıb. Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya sistemləri və s. ixtisaslara qəbulda abituriyentlər kimyadan imtahan verdikləri halda, sonradan isə onlara kimya tədris olunmur:

"Bu, nonsens deyilmi?! Belə anlaşılmazlıq köhnə sovet məktəbindən qalmış mirasdır (o sistemin də uyğunsuzluqları az deyildi). Bəs bu gün? Kimyadansa, biologiyadan imtahan suallarının daxil edilməsi daha faydalı olardı. Biorobotlar, biokompüterlər, bioinformatika, biomühəndislik - artıq bunlar bügünümüzdür. Mən deyə bilmərəm ki, belə məsələləri həll etmək hüququ kimlərə məxsusdur? Amma əminəm ki, Sizdən çox şey asılıdır. İnformatikadan qəbul imtahanı olacaqsa, məktəb informatikası da olacaq, imtahan olmayacaqsa, bizdə də heç bir şey olmayacaq və biz də özümüzü "qürurla" Yuzerlər, "vordçülər" (WORD), "pauverpointçilər" (PowerPoint) ölkəsi adlandıra biləcəyik. İnanıram ki, bütün maraqlı tərəflərin səyləri və Sizin köməkinizlə "Məktəb informatikası"nın canlanmasına nail olacağıq və IOI 2019 tədbirində respublikamızı layiqli təmsil edə biləcəyik".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə Trend-ə bildirib ki, bu məktub rəhbərliyə təqdim olunacaq və komissiyanın Ekspertlər Şurasında müzakirəyə çıxarılacaq.

E.Nağızadənin sözlərinə görə, hazırda qəbul imtahanlarında informatika imtahan fənni kimi siyahıya daxil edilmir və hələlik əlavə edilməsi də nəzərdə tutulmur.

Qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyi bu ilin sentyabrından tam orta təhsil bazasında tədrisin təmayüllülər üzrə təşkil olunacağı məktəblərin 10-11-ci siniflərində infiormatika da daxil olmaqla bir necə fənni tədris planına daxil etməyib.

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, təmayülləşmənin əsas məqsədi şagirdin seçdiyi ixtisas üzrə meyl və marağına uyğun daha dərin hazırlığa malik olmasını təmin etməkdir.

Nazirlikdən bildirilib ki, məktəblilər informatika fənni üzrə bilikləri I-IX siniflərdə qazanırlar, şagirdlər seçdikləri təmayül istiqamətlərində isə həmin İKT bacarıqlarından yararlanaraq daha dərinləşmiş biliklərə sahib olurlar.

Nazirlikdən əlavə edilib ki, təmayül məktəblərdə də İKT-nin seçmə fənn kimi tədrisinə qadağa qoyulmayıb. Bu fənn məktəblərdə seçmə fənn kimi tədris edilə bilər: "Dörd təmayül istiqamət- texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət üzrə tədris olunan fənnləri İKT, internet olmadan necə təsəvvür etmək olar?! Ümumiyyətlə, müasir biliklərin tədrisi İKT bacarıqları olmadan mümkün deyil. Təmayül məktəblərdə İKT-nin seçmə fənn kimi tədrisini heç kimi qadağan etmir. Nazirlik bundan başqa dərsdənkənar məşğələlərin məzmun istiqamətləri müəyyən olunarkən İKT bacarıqlarının inkişafına diqqət yetirilməsini tövsiyə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti