Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları bu ilin avqust ayı ərzində yeyinti sahəsində işləyən 101 sahibkarı inzibati qaydada cərimələyib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduqları, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdikləri üçün cərimələniblər. Bu müddətdə 21 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 16 obyektlə bağlı istintaq orqanlarına müraciət edilib, 11 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 233, mikrobioloji göstəricilərinə görə 202 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 4-də orqanoleptik və fiziki-kimyəvi, 1-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
Bu ilin avqust ayı ərzində iaşə müəssisələrindən 676 yaxma nümunəsi götürülüb. Yaxma nümunələrinin 14-də bağırsaq çöpləri aşkarlanıb.