...

TUMİB Zaqatalada tolerantlıq mövzusunda tədbir keçirdi (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2015 02:29 (UTC +04:00)
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində və regionlarda keçiriləcək “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəsinin icrasına davam edir
TUMİB Zaqatalada tolerantlıq mövzusunda tədbir keçirdi (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend /

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində və regionlarda keçiriləcək "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu" adlı layihəsinin icrasına davam edir. Bu çərçivədə Zaqatala şəhərində Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirin məqsədi həyata keçiriləcək layihə haqqında iştirakçılara məlumat vermək, tolerantlığın təbliği sahəsində 18-29 yaş arası gənclər arasında azərbaycançılıq, milli və dini tolerantlıq, multikulturalizmin təbliği və radikalizmə qarşı ideolojik maarifçilik, zərərli xarici ideologiyaların təsirindən qorunmaları üçün gənclərin maarifləndirilməsi və bu sahədə təbliğat işlərinin aparılması, tolerantlığa, milli və dini dözümlülüyə sahib gənclərin yetişməsinə xidmət etməkdir.

Trend-in məlumatına görə, кonfrans iştirakçıları Zaqatala şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək, Azərbaycanın dövlət himnini səsləndirdilər. Konfransı açıq elan edən Zaqatala rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəfiqə Bağırova iştirakçıları salamlayaraq layihənin qısa mahiyyəti haqqında məlumat verdi. Natiq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verərək, yerli sakinlərin Azərbaycan hökumətinin tolerantlıq siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi. Sonra o, sözü TUMİB sədri Çingiz Bayramova verdi.

Çingiz Bayramov Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə haqqında məlumat verərək, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs etdi. Natiq Ə.Hüseynzadə, Ə.Cavad, H.Cavid kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır" fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı. Ç.Bayramov Zaqatala rayonunun Azərbaycanın mədəni inkişafında özünəməxsus rol oynadığını da qeyd etdi.

Ç.Bayramovdan sonra çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tarix boyu Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək, zərərli xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin, ziyalıların maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı. Natiq Azərbaycanda tolerantlıq mühitinin inkişafında qadınlara böyük rol düşdüyünü də bildirdi.

Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala rayonu üzrə şöbə müdiri Mehman İsmayılov, Zaqatala rayon Gənclər və İdman idarəsinin rəisi Araz Əliyev, TUMİB-in regional təmsilçisi Rəcəb Seyfullayev, TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, TUMİB-in Mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, fəal gənc Raida Hüseynova və digər fəal gənclər çıxış etdilər. Onlar Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa dəvət etdilər.

Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları təqdim edildi.

Xəbər lenti

Xəbər lenti