...

Şagirdlər dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Cəmiyyət Materials 23 Sentyabr 2015 17:14 (UTC +04:00)
Bakıdakı dağ yəhudiləri sinaqoqunu paytaxtda fəaliyyət göstərən TİSA (The İnternational School of Azerbaijan) beynəlxalq məktəbin şagirdləri ziyarət edib.
Şagirdlər dağ yəhudilərinin sinaqoqunu ziyarət ediblər

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bakıdakı dağ yəhudiləri sinaqoqunu paytaxtda fəaliyyət göstərən TİSA (The İnternational School of Azerbaijan) beynəlxalq məktəbin şagirdləri ziyarət edib. Onlar xarici diplomatların, iş adamlarının, respublikamızın müxtəlif regionlarında çalışan mütəxəssislərin övladlarıdır.

Bakıdakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev sinaqoqun yaranma tarixindən danışdı. Bildirdi ki, yəhudilər ölkəmizdə uzun əsrlər boyu digər xalqların nümayəndələri ilə çiyin-çiyinə yaşayırlar. Bu zaman ərzində yəhudilərin və azərbaycanlıların mentalitetlərində, adətlərində oxşarlıq yaranmışdı. Dağ yəhudiləri azərbaycanlıların sevincinə və kədərinə şərik çıxırlar. Azsaylı xalqın nümayəndələri Azərbaycan cəmiyyətinin həyat və fəaliyyətinin bütün sahələrində dərin iz qoymuşlar. Azərbaycanın ərazi bütövlüyü təhlükə altında olanda da onlar kənarda qalmamışlar. Respublikanın müstəqilliyinin müdafiəsinə qalxanlardan biri də cəsur tankçı Albert Aqarunov idi. 1992-ci ilin mayında Şuşa şəhəri uğrunda gedən döyüşlərin birində Albert qəhrəmancasına həlak olmuş və ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Onun xatirəsi indiyədək xalqın qəlbində yaşamaqdadır. M.Yevdayev həmçinin sinaqoqun təyinatı, bu məbəddə keçirilən tədbirlər haqqında bəhs etdi.

Daha sonra şagirdləri ibadət zalına dəvət etdilər. Burada onlara ətraflı məlumat verilmiş, zalın hansı məqsəd üçün istifadə edilməsi haqqında danışıldı.

İcma rəhbəri beynəlxalq məktəbin şagirdlərindən maraqlandıqları sualları verməyi xahiş etdi. Tamamilə gözlənilmədən onlarla uşaq əli yuxarı qalxdı. Sən demə, diqqətlə dinləyən şagirdlərdə çoxlu suallar yaranmışdı. Burada toplaşan böyüklər uşaqların hər şeyi bilmək həvəsinə sözün əsl mənasında heyran qaldılar. Suallar bir-birinin ardınca verilirdi. Bəzi suallar sinaqoqun dünya görmüş işçilərini belə çıxılmaz vəziyyətdə qoya bilərdi. Niyə ulduz altıguşəlidir və o "Davidin Ulduzu" adlanır? Yeddi şamdan nə deməkdir? Şamları imitasiya edən elektrik lampaları nəyi bildirir? Niyə dua zamanı qadınlar ibadət evinin ikinci yarusunda dayanır? Niyə sizin xalqınızı dağ yəhudiləri adlandırırlar və hal-hazırda Azərbaycan ərazisində sizin neçə soydaşınız yaşayır? Adama elə gəlirdi ki, şagirdlər olduqları yer haqqında hər şeyi xırda detallara qədər öyrənmək fikrindədirlər. Sonda M.Yevdayev təbəssümlə etiraf etdi ki, bəzən belə sualları heç böyüklər də vermir. Bu uşaqlar isə müəllimlərin heç bir köməyi olmadan qəribə maraq nümayiş etdirmişlər.

Sözsüz ki, dağ yəhudilərinin sinaqoqunu ziyarət etdikdən sonra şagirdlər onlara təhsildə gərəkli olacaq yeni biliklərə yiyələndilər. Bundan başqa onlar bizim ölkədə əsrlər boyu yaşayan və onun inkişafına töhfə verən qədim xalqın həyatı ilə tanış oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti