Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/
"Baku Bus" MMC-yə məxsus avtobusda sürücü ilə dalaşan sərnişin axtarışa verilib. Bunu Trend-ə açıqlamasında "Baku Bus" MMC-nin direktor müavini Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, həmin şəxsin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda onun tapılması istiqamətində işlər gedir: "Həmin sərnişin nəinki bizim sürücüyə mənəvi ziyan vurub, həm də əl-qol hərəkəti edərkən kartı oxuyan aparata da zərər dəyib. "Baku Bus" MMC də, avtobuslar da dövlətin malıdır. Dövlətin malı bütün Azərbaycana məxsusdur. Biz ona nə qədər yaxşı baxsaq, bir o qədər uzunmüddətli olacaq, uzun müddət sərnişinlərə xidmət göstərəcək. Ona görə də həmin şəxs tapılmalı və layiqli cəzasını almalıdır".
V.Kərimli gələcəkdə belə halların baş verməməsi üçün atılacaq addımlara da toxunub: "Biz hər avtobusun içində post patrul xidməti əməkdaşının olmasını təşkil edə bilərdik. Amma buna getməyəcəyik. Yenə də sərnişinlərin sürücülərə qarşı hər hansı təhqiredici hərəkətlərini görsək, onu kamera vasitəsilə müəyyənləşdirib, cəzalandırılması istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik".
Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda sərnişin avtobusunda insidentin yaşanması ilə bağlı video yayılmışdı. Videogörüntüdə orta yaşlı bir kişi avtobusa minərək "BakıKart"ı olmadığını bildirir. Sürücü isə kartsız getməyin qadağan olduğunu bildirdikdə aralarında mübahisə yaranır.