...

200 mindən çox şəkər diabet xəstəsi pulsuz dərman alacaq

Cəmiyyət Materials 14 Oktyabr 2015 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Gələn il 200 mindən çox şəkər diabet xəstəsi pulsuz dərmanlarla təmin olunacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı İlham Məmmədov bu gün Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri zaman deyib.

Deputat qeyd edib ki, bu ilki büdcədə də sosial məsələlərin həlli istiqamətində kifayət qədər vəsait ayrılıb.

İ.Məmmədov dünyada iqtisadi böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirib: "Maliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir".

O, Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd edib.

Millət vəkili kənd təsərrüffatının inkişafı haqqında da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanların rifahı üçün önəmliliyini vurğulayıb: "Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişaf etməsinə şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti