Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar"ın təsdiq edilməsi barədə" 2007-ci il 4 oktyabr tarixli 154 nömrəli qərarının ləğv edilməsi barədə 13 oktyabr 2015-ci il tarixli 326 nömrəli qərarı yanlış olaraq Fövqəladə Hallar Nazirliyinin tikinti sahəsində səlahiyyətinin ləğv edilməsi kimi şərh edilib.
Kabinetdən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti bu qərarı Azərbaycan Prezidentinin "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Bu Qayda Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinə tələblərinə uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasının ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanı ilə "Tikinti işlərinin dayandırılması Qaydası" təsdiqlənib. Qayda Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində həyata keçirilən tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı pozuntuların qarşısının vaxtında alınması, aradan qaldırılması və Məcəllədə nəzərdə tutulmuş hallarda tikinti işlərinin dayandırılması ilə bağlı prosedurları və mexanizmi tənzimləyir, habelə bu sahədə Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini müəyyən edir. Bu Qaydaya əsasən tikinti işlərinin dayandırılması ilə bağlı müddəalar təkmilləşdirilib, daha da sadələşdirilib və tikinti sahəsində fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər üçün asanlaşdırılıb. Bu Qaydaya uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətlərini nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Qaydaya əsasən tikinti işlərinin həyata keçirilməsi pozuntu halları aşkar edildikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edilir.
Azərbaycan Prezidentinin "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanının 2.2-ci bəndində isə qeyd olunub ki, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin. Başqa sözlə, fərmanın bu bəndinin icrası ilə əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar"ı ləğv edib. Yəni dövlət başçısının fərmanı ilə qüvvəyə minən yeni Qayda ilə bağlı öncəki Qayda - "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar" ləğv edilib.