...

Qənirə Paşayeva seçicilərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 11:18 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Tovuzun Xatınlı kəndində seçicilərlə görüşüb.
Qənirə Paşayeva seçicilərlə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva Tovuzun Xatınlı kəndində seçicilərlə görüşüb. Onlarla kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputatlıq fəaliyyəti barədə danışıb: "10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım".

Tovuzluları, o cümlədən Xatınlı kənd sakinlərini narahat edən problemlərin xeyli hissəsinin öz həllini tapdığını deyən Q.Paşayeva qeyd edib ki, ölkəmiz gücləndikcə digər problemlər də öz həllini tapacaq. Millət vəkili ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bunun beynəlxalq siyasətdən də yan keçmədiyini qeyd edib.

O, bildirib ki, 10 illik fəaliyyəti dövründə Xatınlı kənd sakinlərinin çoxsaylı müraciətləri cavabsız qalmayıb. Sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubuna cavab verilib və bu məktublarda əksini tapan məsələlər öz müsbət həllini tapıb.

Q.Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaranması istiqamətində həyata keçirilən layihələr nəticəsində Xatınlı kəndi də daxil olmaqla, Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının sürətlə artdığını bildirib: "Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə fərqlənən gənclərimizin hərbi məktəblərə üz tutmalarını alqışlayırıq. Gənclərimiznin bu istiqamətdə uğurları bizi sevindirir".

Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artmasında Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin böyük rol oynadığını deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, təqdimat mərasimlərinin təşkil edildiyini və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Q.Paşayeva gələcəkdə də bu fəaliyyətin davam etdiriləcəyini bildirib. Sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakının vacib amil olduğunu bildirib.

Görüşdə çıxış edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində böyük uğurlar əldə etdiyini, seçicilərlə mütəmadi olaraq görüşdüyünü, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiriblər. Bildiriblər ki, noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində Qənirə Paşayevaya səs verəcəklər.

Millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib. Qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. O bildirib ki, kəndin içməli su məsələsinin yaxşılaşdırılması üçün bir neçə dəfə "Azərsu"ASC-nin sədri Qorxmaz Hüseynovla müzakirə aparıb. "Azərsu" rəhbərinin kəndə yeni su xəttinin çəkilməsi layihəsini hazırlamaq üçün Bakıdan bir qrup göndərdiyini və məsələnin gələn il həllini tapacağını deyən Q.Paşayeva bu məsələni bundan sonra da daim diqqətdə saxlayacağını söylədiklərinə əlavə edib.

Millət vəkili kəndin əkin sahələrinin suvarılması sahəsində vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə, onun nümayəndələri ilə bir neçə dəfə söhbət etdiyini deyərək, kənddə yeni artezian quyularının saylarının daha da artmasına nail olacağını söyləyib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq, Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Millət vəkili Q.Paşayeva həmçinin kənddə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Q.Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyacı olan insanların daha çox olduğunu bildirərək, ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rayondakı təmsilçiləri ilə müzakirə aparıb, qanunlar çərçivəsində dəstəyi daha da artırmalarını xahiş edib.

Sonda seçicilər bildirib ki, Q.Paşayeva bu müddət ərzində nəinki tovuzlu seçicilərin, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük etimadını qazanıb: "Qənirə Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız və bu dəstək davam edəcək. İnanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti