...

Ötən həftənin mənzərəsi

Cəmiyyət Materials 26 Oktyabr 2015 09:01 (UTC +04:00)
Ötən həftənin mənzərəsi Azərbaycanda, eləcə də dünyada yenə hadisələrin burulğanında rənglərini dəyişdi.
Ötən həftənin mənzərəsi

Ötən həftənin mənzərəsi Azərbaycanda, eləcə də dünyada yenə hadisələrin burulğanında rənglərini dəyişdi.

Atəşkəs rejimi hər həftə olduğu kimi ötən həftə də pozuldu. Həftəboyu düşmən Azərbaycan Silahlı Qüvvələrinin atəş zərbələri ilə susduruldu.

Həftəboyu Azərbaycanda seçki təşviqatı öz axarında davam etdi, seçkilərdə iştirak edəcək namizədlərin yekun sayının 769 nəfər olduğu açıqlandı.

Ötən həftənin mənzərəsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi sərəncam və fərmanlarla da tamam dəyişdi. Prezidentin sərəncamı ilə daha öncə Təhlükəsizlik naziri Eldar Mahmudovun postunu tərk etməsinin ardınca, bütün həftə boyu MTN-dən vəzifəli şəxslərin işdən azad edilməsi, bir neçə yüksək rütbəli şəxslərin istintaqa cəlb edilməsi xəbərləri gündəmi zəbt etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə verdiyi qərarlar isə respublikanın iqtisadi mənzərəsini sahibkarlar və əhalinin rifahi üçün xoş rənglərlə boyadı. Prezidentin Milli Məclisə göndərdiyi qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı. Yola saldığımız həftənin mənzərəsində daha bir müsbət çalar Azərbaycan Prezidenti İlham Əliyevin gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında imzaladığı fərmanla bağlı oldu.

Əbəs yerə deyil ki, Fransanın "Opinionway" araşdırma şirkəti də əhalinin 78,8 faizinin Prezident İlham Əliyevin fəaliyyətini təqdir etməsini bəyan etdi.

Həftə sonu isə Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda "SOCAR Polymer" layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində, Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azertexnolayn" Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında iştirak etdi.

Ötən həftə qonaqpərvər Azərbaycan yenə qonaqlı oldu. Kosta-Rikanın xarici işlər naziri Manuel Qonsales Sans Azərbaycan rəsmiləri tərəfindən qəbul edildi, gələcək əməkdaşlıq perspektivləri müzakirə edildi.

Həftə sonu Aşura Günü ilə əlaqədar Azərbaycanda qanvermə aksiyası keçirildi.

Ötən həftə Azərbaycan mənzərəsində yay vaxtı da öz yerini qış vaxtına təhvil verdi.

Yola saldığımız həftə havanın mənzərəsi də ara-sıra tutqun rənglərlə yağış sularında islandı.

Ötən həftə dünyanın mənzərəsi də müxtəlif çalarları ilə seçildi. Həftənin əvvəlində Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edərək həmkarı Vladimir Putinlə görüşdü. Ardınca Moskva Türkiyə ilə birlikdə terrorizmlə mübarizəyə hər an hazır olduğunu bəyan etdi.

Çində kimya zavodunda baş verən partlayış 9 həyatı qurban aldı.

Fransada baş verən yol qəzasında həyatını itirələrin sayı isə 49 nəfər oldu.

Misirdə parlament seçkilərini ilk mərhələsi yekunlaşdı.

ABŞ prezidenti barak Obama isə bütün bu hadisələriin fonunda ölkənin 2016-cı il üçün medafiə büdcəsi layihəsinə rəsmi şəkildə veto qoydu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti