...

Qadınların nüfuz və səlahiyyətləri müzakirə edildi (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2015 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

"Azərbaycanda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır. Ölkənin 85 rayonu üzrə icra hakimiyyəti başçısının qadın müavinlərinin sayı artaraq 78-ə çatıb. Bu yaxınlarda İradə Gülməmmədova Abşeron İcra Hakimiyyətinin başçısı təyin edildi. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən artaraq 35 faizə qalxıb".

Trend-in məlumatına görə, bunu Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində keçirilən tədbirdə bildirib.

Bu günlərdə yekunlaşan Milli Məclisə 5-ci çağırış seçkilərindən danışan Aynur Camalqızı qeyd edib ki, bu sahədə də irəliləyiş olub və 125 millət vəkilindən 21-i qadındır:

"Ötən Parlament seçkilərində qadınların sayı 20 olmuşdu. Ümumiyyətlə, qadın namizədlər bu seçkidə xüsusi fəallıq göstərirlər. Qadınlar faiz etibarilə çoxluq təşkil etməsələr də, seçkiqabağı təbliğat işlərini çox aktiv qurdular, bu aktivlik sayəsində də qadınların seçkidə fəal iştirakı diqqətdən kənar qala bilməzdi", - deyə A. Camalqızı bildirib.

Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov çıxış edərək bildirib ki, cəmiyyətin bütün sahələrində qadınların rolunun artırılması, cəmiyyətin mədəni-mənəvi həyatında mövqeyinin möhkəmləndirilməsi vacibdir. O, ABŞ-dan da əvvəl Şərqdə ilk dəfə Azərbaycanda qadına seçmək-seçilmək hüququ verilməsinə diqqəti çəkərək bunun heç də təsadüfi olmadığını bildirib. V. Səlimov qeyd edib ki, prezidentin sərəncamı ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılıb. Bu, qadınların təşkilatlanması, ictimai həyatda sistemli şəkildə iştirakı üçün vacib hadisə idi. O qeyd edib ki, qadınların hüquqlarının təmin olunması məqsədilə Azərbaycan bir sıra mühüm konvensiyalara qoşulub. "Ötən illərlə müqayisədə son illər vəzifədə və ictimai işlərdə işləyən qadınların xüsusi çəkisi artıb. Bələdiyyə seçkilərində də eyni nəticəni görmək olar. Qadınların təkcə dövlət qulluğunda və ya seçkili vəzifələrdə iştirakı artmayıb. Azərbaycanda qadınlar elmin inkişafında da mühüm rola malikdir. Belə ki, Azərbaycanda bütün elmi işçilərin 53,6 faizini qadınlar təşkil edir".

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, ölkəmizdə gender məsələsi yüksək səviyyəyə çatıb. "2000-ci ildə qadın namizədlərə dəstək seçki bloku yaradılmışdı. O zaman 1000-dən çox qadın namizəd qeydə alınmışdı. Bizdən qadın parlamentarilərin sayının niyə az olmasını soruşurlar. Mən həmişə buna cavab olaraq bildirirəm ki, əgər namziədlərin arasında 30% qadın yoxdursa, nəyə görə seçilənlərin 30%-i qadın olmalıdır? Azərbaycan qadını üçün ən gözəl xüsusiyyət ana olmaq, gözəl övladlar yetişdirməkdir. Bizdə qadın hər iki vəzifəni, yəni həm ana olmaq, həm də karyera qurmaq vəzifəsini layiqincə yerinə yetirirsə, ona həmişə yol açmalı, dəstək olmalıyıq".

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda qanunvericilikdə və real həyatda gender bərabərliyi qorunur. O qeyd edib ki, Azərbaycan qadını həmişə ruhən azad olub. Bu, bizim genetik kodlarımızdan gələn üstünlüyümüzdür: "İnkvizisiya dövründə qadınları odda yandırıblar. Bizim tariximizdə belə hal olmayıb. Götürək elə Tomrisi, digər qəhrəmanları. Əgər hazırda Azərbaycan qadını icra strukturlarında, məhkəmə sistemində, jurnalistika və digər sahələrdə fəal iştirak edirsə, bu, qadınların dövlət siyasətində əhəmiyyətindən irəli gəlir. Meydan hərəkatında da qadınlarımız kişilərlə bərabər iştirak edirdilər. 20 Yanvar faciəsində əliyalın bizimlə bərabər mübarizə aparıblar, müharibədə, döyüşlərdə kişilərlə bərabər iştirak edirlər. Amma qadının ən böyük üstünlüyü ana olmasıdır. Qadınların indi ən böyük problemi erkən nikah problemidir".

Milli Məclisin üzvü Çingiz Qənizadə isə bildirib ki, qadınlara ilk dəfə status verən, seçib-seçilmək hüququnu tanıyan dövlətik və bu ənənəni də yaşatmalıyıq: "Qadınların siyasi aktivliyi şəhərdə daha çoxdur. Amma təəssüf ki, kənd yerlərində bu aktivliyi müşahidə edə bilmirik. Bu daha çox mövhumatçılıqla bağlıdır. Gələcəkdə bu baxımdan maariflənməyə ehtiyac var. Məişət zorakılığı da qadınların irəli getməsinə imkan vermir. Qadınlar bilməlidirlər ki, belə hallar olduqda hara müraciət etsinlər. Qanunvericilikdə bəzi boşluqlar var. Vətəndaş nikahı hər kəsin öz işidir. Amma bu münasibətlərdən dünyaya gələn uşaqların hüquqları tam təmin olunmur. Vətəndaş nikahı ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır".

Qeyd edək ki, Qadın Konsensus Mərkəzinin "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində 5 ictimai dinləmə-seminarın keçirilməsi nəzərdə tutulub. İctimai dinləmələrdə qadın mövzusu ilə məşğul olan ekspertlər, ictimai fəal insanlar, müvafiq Qeyri-hökumət təşkilatlarının nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçiləri iştirak edirlər. Bundan başqa, layihədə nəzərdə tutulduğu kimi, "Facebook" sosial şəbəkəsində "Qadınlara ədalət" adlı səhifə yaradılıb və səhifə aktiv şəkildə gender və qadın problemləri mövzusuna toxunaraq müzakirələr açır.

5 mövzu üzrə, ayda bir dəfə olmaqla ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bu mövzular "Məişət zorakılığı və erkən nikahlara qarşı mübarizə", "Qadınların siyasi iştirakçılığı", "Sahibkar qadınlar", "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması və gender bərabərliyi", "Qadın mövzusu KİV və sosial mediada" sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti